SİYASƏT
Misir mətbuatı Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfərini işıqlandırıb
Qahirə, 28 iyul, AZƏRTAC
Misirin Yaxın Şərq Xəbərlər Agentliyi və “Əl-Yaum Əs-Sabi” internet qəzeti Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri ilə bağlı məqalə yayıb.
Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə yayılmış məqalədə əsas diqqət dövlətimizin başçısı İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun keçirdikləri birgə mətbuat konfransına yetirilir.
Məqalədə D.Tuskun Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyi, Avropa İttifaqı və ona üzv ölkələrin “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, status-kvonun qəbuledilməz olduğu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Avropa İttifaqı üçün prioritet olaraq qaldığı, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərinin təşkilat tərəfindən dəstəklənməsinin davam etdiyi ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə