SİYASƏT
Misir nəşrində NACO iclasının və AZƏRTAC-ın 95 illik yubileyinə həsr edilmiş mərasimin iştirakçıları ilə görüş haqqında məqalə dərc olunub
Qahirə, 6 mart, AZƏRTAC
Misirdə populyar olan “Şbabalnil” elektron nəşrində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakıda keçirilmiş iclasının və AZƏRTAC-ın 95 illik yubiley mərasiminin iştirakçıları ilə görüşünə həsr edilmiş geniş məqalə dərc olunub.
Məqalədə AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun çıxışından sitatlar gətirilir. O qeyd edib ki, beynəlxalq münasibətlər sistemində islahatlar aparıldığı şəraitdə informasiya daha geniş, qlobal xarakter kəsb edir və sürətlə dəyişən dünyada yaranan çağırışlara münasibət bildirmək zəruridir.
Misir nəşri A.Aslanovun bu sözlərini sitat gətirir: “Bu baxımdan, bizim hamımızı, xüsusən klassik, ənənəvi media nümayəndələrini narahat edən çoxlu suallar qarşıya çıxır. Bəzən oyun qaydalarının pozulduğu hallarda piar xarakterli informasiya xəbərlər məkanını doldurur, müasir texnologiyaların inqilabi dəyişikliklər dalğası fonunda bu suallara cavab axtarmaq bizə, informasiya istehsalçılarına həvalə edilir”.
Baş direktor qeyd edib ki, görüş iştirakçıları bu suallara cavab axtarmaq üçün Avropa Xəbər Agentlikləri Alyansının yaz və payız sessiyalarında, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına iclaslarında, habelə demək olar ki, bütün qitələrdə siyasətçilərin, elm xadimlərinin və media nümayəndələrinin diqqətini cəlb etmiş Bakı Beynəlxalq Humanitar Forumunda geniş müzakirələr keçirə bilərlər.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışının tam mətni verilir. Qeyd edilir ki, 2016-cı ildə xəbər agentliklərinin 5-ci Ümumdünya Konqresinin Bakıda keçirilməsi haqqında qərar 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda, bu qurumun 4-cü Konqresində qəbul edilib. Ə.Həsənov vurğulayıb ki, həmin qərara əsasən 2016-2019-cu illərdə Konqresdə AZƏRTAC sədrlik edəcək. Prezident Administrasiyasının rəsmi nümayəndəsi Azərbaycana göstərilmiş bu yüksək etimada görə Konqres Şurasının və iştirakçı agentliklərin rəhbərlərinə təşəkkürünü bildirib.
Nəşrdə vurğulandığı kimi, Əli Həsənov bir məqama xüsusi diqqət yetirib ki, 2016-cı ildə Bakıda Xəbər Agentliklərinin V Ümumdünya Konqresi ilə eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçiriləcək. Nəşr Ə.Həsənovun bu sözlərini sitat gətirir: “OANA da UNESCO-nun qərarına əsasən yaradılmış nüfuzlu beynəlxalq media-strukturlardan biridir. OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi haqqında qərar 2013-cü ilin sentyabr ayında Moskva forumunda qəbul edilib. Azərbaycan bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun tədricən artmasının, habelə ölkənin milli informasiya agentliyi olan AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndirir”.
Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi müasir Azərbaycan tarixinə qısaca nəzər salaraq vurğulayıb ki, yalnız 1991-ci ildə ölkəmiz öz dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan mediası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşmış jurnalistika ənənələrindən istifadə etməyə başladı, ölkədə azad media yarandı.
Əli Həsənov ölkəmizdə aparılmış mühüm islahatları sadalayaraq qeyd edib ki, həmin islahatlar nəticəsində KİV sahəsində qanunvericilik bazası formalaşıb, mətbuatda senzura ləğv edilib, Avropa standartlarına cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edilib, mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirlik ləğv olunub, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar qəbul edilib, digər tədbirlər görülüb.
Ə.Həsənov deyib: “2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişafına dair əsas müddəalar öz əksini tapıb”.
Prezident administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühitinin formalaşması üzrə daimi və məqsədyönlü iş aparılır, bu gün Azərbaycan dövləti öz daxili həyatını azad mediasız təsəvvür etmir. Ə.Həsənov deyib: “Hazırda ölkə mediası tamamilə azaddır və istənilən mövzuda yaza bilər, istənilən məsələni qaldıra bilər”.
Məqalədə Ə.Həsənovun media-strukturlar arasında təbii kəskin rəqabət haqqında fikri də öz əksini tapıb. Bu rəqabət sağlam əsasda aparılmalı, dünyada qəbul edilmiş dəyərlərin zəiflədilməsinə yox, daha da zənginləşdirilməsinə yönəldilməlidir. Məqalədə Ə.Həsənovun bir məsələ barədə sözlərinə diqqət yetirilir ki, bir sıra hallarda hətta çox nüfuzlu xəbər agentlikləri də dünyada baş verən hadisələri müxtəlif mövqelərdən işıqlandırır, onları müəyyən siyasi maraqlara uyğun şəkildə təqdim edir, bəzən isə yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya mətbuata sızır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb: “Bu, beynəlxalq aləmdə ikitərəfli münasibətlərə ziyan vurur. Əlbəttə, müxtəlif media-strukturlar, xəbər agentlikləri öz informasiya siyasətini həyata keçirir. Bu, belə də olmalıdır. Lakin faktın obyektiv, qərəzsiz, mötəbər olması çox vacibdir. Yalnız bu halda biz sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhdidlərlə üzləşdiyi indiki vaxtda bu, xüsusilə vacibdir. Obyektiv informasiya əldə edə bilmək insanların nəinki öz ölkələrində, həmçinin bütün dünyada baş verən hadisələri düzgün qiymətləndirməsinə imkan verir”.
Məqalənin sonunda Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə İnformasiya Agentliyinin (SPA) prezidenti Abdulla ibn Fəhd Əl-Hüseynin, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşalın, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovun çıxışlarından sitatlar gətirilir. Onlar AZƏRTAC-ın fəaliyyətini və V Konqresə hazırlığı yüksək qiymətləndiriblər.
İnformasiyanın tam versiyası ilə aşağıdakı linkə əsasən tanış ola bilərsiniz:
http://shbabalnil.com/Article/Item/36896
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə