SİYASƏT
Misir parlamentinin deputatı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayəti kəskin pisləyib
Qahirə, 6 iyul, AZƏRTAC
Misir parlamentinin deputatı, xarici əlaqələr komissiyasının üzvü, professor Amna Məhəmməd Nusseir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyevanın və nəvəsi Zəhra Quliyevanın həlak olmaları ilə bağlı AZƏRTAC-a müsahibəsində insanlığa zidd olan bu hadisəni kəskin şəkildə pisləyib.
Deputat deyib ki, bu ağlasığmaz və dəhşətli hadisə insanlığa qarşı törədilən cinayətdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən bu cinayət sərt şəkildə qınanmalıdır, bu vəhşiliyə dərhal mənəvi və hüquqi qiymət verilməlidir. Azərbaycanın ədalətli və sülhsevər mövqeyinə dəstək verilməlidir, bu cür təxribatlara son qoyulmalıdır.
Misirli deputat, həmçinin mülki vətəndaşların, xüsusilə də uşaqların amansızcasına Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinin vandalizm olduğunu və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Amna Məhəmməd Nusseir Azərbaycanın suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının müasir tarixin ən qara səhifələrindən biri kimi səciyyələndirib. O, bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürəkağrısı ilə vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə