SİYASƏT
Misir telekanallarında Azərbaycanın uğurlarından bəhs edilib
Qahirə, 23 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev 28 May - Respublika Günü münasibətilə bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “Nil Mədəniyyət” və “Əl-Masriyyə” kanallarına müsahibə verib.
Səfir Azərbaycanın 1918-1920-ci illər ərzində ilk müstəqillik tarixindən danışaraq ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, qısa müddət ərzində ilk parlamentin təsis edildiyini və qadınlara səsvermə hüququnun verildiyini bildirib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın inkişafında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu vurğulayan səfir son illərdə əldə edilən uğurlardan danışıb. O, Azərbaycanın regionda aparıcı ölkə olduğunu, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib.
Müsahibəsində səfir bu il Misir-Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25-ci ildönümünə də toxunub və ötən illər ərzində iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, 40-dan çox sənədin imzalandığını, mədəniyyət günlərinin keçirildiyini, siyasi, iqtisadi-ticari əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etdiyini vurğulayan səfir Bakıda IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçdiyini qeyd edib.
Tural Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə