DÜNYA
Misirdə “Müsəlman qardaşlar” hərəkatının 125 tərəfdarı həbs olunub
Qahirə, 28 noyabr, AZƏRTAC
Misir Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, təhlükəsizlik qüvvələri noyabrın 28-də hazırlanmaqda olan etiraz aksiyaları ilə əlaqədar ölkənin müxtəlif əyalətlərində “Müsəlman qardaşlar” hərəkatının 125 tərəfdarını həbs edib. Bundan əlavə, Misirin dörd əyalətində, o cümlədən Qahirədə aşkar edilən 7 əldəqayırma partlayıcı qurğu zərərləşdirilib.
Misir Silahlı Qüvvələrinin rəsmi məlumatına görə, təhlükəsizliyin təmin edilməsi tədbirlərində iştirak edən Misir ordusunun briqada generalı naməlum şəxslərin silahlı hücumu nəticəsində həlak olub, iki əsgər zərər çəkib. Məlumata görə, briqada generalını və iki əsgəri aparan avtomobil Qahirənin Cisr-es-Sueys rayonundakı mehmanxanalardan birinin yaxınlığında naməlim şəxslər tərəfindən atəşə tutulub.
Misirin bütün təhlükəsizlik qüvvələri, o cümlədən hərbiçilər noyabrın 28-də etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün tam hərbi hazırlıq vəziyyətinə gətirilib. Misirdə fəaliyyət göstərən sələfi qruplarından birinin – “Sələfilər cəbhəsi”nin liderləri müsəlman gəncləri mitinqə çıxmağa çağırıblar. Maraqlıdır ki, sələfilərin ən iri partiyası “Ən-Nur” artıq öz tərəfdarlarına müraciət edərək, onları cümə etirazlarına qatılmamağa çağırıb. Qeyd edək ki, bu partiya “Müsəlman qardaşlar” hakimiyyətdən uzaqlaşdırıldığı zaman da neytral mövqedə dayanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə