QAN YADDAŞI
Misirdə Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi anılıb
Qahirə 27 fevral, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Misirin ictimai-siyasi xadimləri, Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetlərinin tələbələri, o cümlədən bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev çıxış edərək Xocalı qətliamı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.
Səfir Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə toxunaraq, Xocalıda dinc insanların qətlə yetirilməsində bilavasitə iştirak etmiş, hazırda Ermənistanın rəhbərliyində olan şəxslərə qarşı ciddi tədbirlərin görülmədiyini qınayıb, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırıb. O, Xocalıda qətliamının insanlığa qarşı törədilmiş cinayət kimi dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bildirib.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən filmin nümayişindən sonra Misirin Bakıdakı Mədəniyyət Mərkəzinin sabiq müdiri Adil Dərviş faciənin törədilməsinin insanlığa qarşı cinayət olduğunu söyləyib.
“Əl-Məsəiyyə” qəzetinin baş redaktorunun müavini Məhəmməd Sələmə Xocalı soyqırımının Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini, bir gecədə Xocalı şəhərinin tamamilə məhv edildiyini, 70-i yaşlı, 106-sı qadın və 63-uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyini bildirib.
M.Sələmə BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladıb. O, Ermənistan tərəfindən həmin qətnamələrin yerinə yetirilmədiyini, bununla beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratdığını, düşmən silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılması üçün Təhlükəsizlik Şurası tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyinə toxunub. Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edən M.Sələmə beynəlxalq hüquq normalarının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Tədbirdə digər siyasi-ictimai xadimlər də çıxışlar edərək Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş ən böyük cinayətlərdən biri olduğunu, qətliamın səbəbkarlarının cəzalandırılmasının və qəbul edilmiş qərarların yerinə yetirilməsinin vacibliyini söyləyiblər.
Sonda Ş.Abdullayev Qahirə Universitetinin tələbələrinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil etdikləri marafon yarışına və digər tədbirlərdə iştiraklarına görə təşəkkürünü bildirib.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə