SİYASƏT


Misirdə dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü qeyd edilib

A+ A

Qahirə, 21 oktyabr, АZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyində dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan diasporunun üzvləri, tələbələr, Misirin ictimai-siyasi xadimləri, mətbuat orqanlarının nümayəndələri, bu ölkənin Ayn Şəms universitetinin ədəbiyyat fakültəsinin dekan və müəllim heyəti, həmin fakültədə Azərbaycan dilini öyrənən tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Tural Rzayev 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini bildirərək, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və əməkdaşlıq münasibətləri qurduğunu qeyd edib.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığını diqqətə çatdıran səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizini işğal etməsi barədə məlumat verib, xarici və daxili təhlükələrin fonunda yenicə əldə edilmiş müstəqilliyin təhlükə altına düşdüyünü deyib.

Belə bir çətin zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının Heydər Əliyevə müraciət etdiyini, məhz onun müdrikliyi və bacarığı sayəsində ölkəmizin qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən diplomat Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini, Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğunu, ölkədə demokratikləşmə prosesinin başlandığını, “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən T.Rzayev ölkəmizin neft və qaz boru kəmərləri vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulayıb, gənclər siyasəti, elm, təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə məlumat verib.

Daha sonra müstəqillik günü ilə əlaqədar Misirin təhsil ocaqlarında təşkil olunmuş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi olan tələbələrə mükafatlar təqdim edilib.

Tədbirin sonunda ölkəmizin müstəqillik dövründə inkişafını, əldə etdiyi nailiyyətləri əks etdirən sənədli film və videoçarx nümayiş etdirilib.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.