DÜNYA
Misirdə güclü daşqınlar azı 14 nəfərin həyatına son qoyub
Bakı, 28 oktyabr, AZƏRTAC
Misirdə əlverişsiz hava şəraiti azı 14 nəfərin ölümünə, 50 nəfərin isə xəsarət almasına səbəb olub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, səhər saatlarında Misirin cənubunda yerləşən Safaqa-Kena trasında şəhərlərarası iki avtobus və bir neçə avtomobil daşqının təsirinə məruz qalıb. Hadisə nəticəsində 8 misirli həyatını itirib, 34 nəfər isə yaralanıb.
Su axını yol örtüyünün çox hissəsini dağıtdığı üçün xilasedicilər uzun müddət hadisənin baş verdiyi əraziyə yetişə bilməyiblər. Axtarış-xilasetmə işlərinə Misir Hərbi Hava Qüvvələrinin helikopterləri də cəlb olunub.
Qahirə-Hurqada avtomobil trası üzərində yerləşən Ras-Qareb şəhərciyində bəzi məhəllələr su altında qalıb, insanlar evlərini tərk edə bilməyib. Nəticədə 6 nəfər həlak olub, 18 nəfər xəsarət alıb. Yerli sakinlərin bir çoxunu təxliyə etmək mümkün olmayıb. İtkin düşənlər var.
Artıq iki gündür ki, bəzi əyalətlərdə təbii fəlakət tüğyan edir. Güclü küləklə müşayiət olunan leysan yağışlar səbəbindən Qırmızı dəniz, Cənubi Sinay və Süveyş əyalətlərində dəniz limanları bağlanıb. Bir çox magistral avtomobil yollarında nəqliyyatın hərəkəti dayanıb. Sinoptiklərin məlumatına görə, yağışlar gün ərzində də davam edəcək.