DÜNYA
Misirdə parlament seçkilərinin ikinci mərhələsinin ilkin yekunları açıqlanıb
Qahirə, 26 noyabr, AZƏRTAC
Noyabrın 22-23-də Misirin 13 əyalətində, o cümlədən Qahirədə keçirilən parlament seçkilərinin ikinci mərhələsinin ilkin yekunları məlum olub.
Misir Ali Seçki Komissiyasının sədri Ayman Abbas bildirib ki, səsvermədə 8 milyondan çox seçici iştirak edib. Seçki məntəqələrinə gəlmə 29,83 faiz təşkil edib. Seçkilərin noyabrın 18-19-da keçirilən birinci mərhələsinə seçicilərin 26 faizi gəlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisini dəstəkləyən “Misirə məhəbbətlə” seçki bloku Nümayəndələr Palatasında partiya siyahıları üzrə namizədliyi irəli sürülən deputatlar üçün nəzərdə tutulan 120 yerin hamısını tutub. Birpalatalı Misir parlamentinə birmandatlı dairələrdən 448 deputat seçilib, 28 nəfər isə ölkə Prezidenti tərəfindən təyin ediləcək.
Seçkilər hər hansı hadisə və pozuntu olmadan şəffaf şəraitdə və rahat keçib. Seçkilərin gedişatını 81 yerli və 6 beynəlxalq təşkilat müşahidə edib.
Gözlənildiyinə görə, Misirdə parlament seçkilərinin yekun nəticələri dekabrda açıqlanacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə