DÜNYA
Misirə “Mistral” tipli ikinci helikopterdaşıyıcısı verilib
Qahirə, 16 sentyabr, AZƏRTAC
Fransanın Sen-Nazar şəhərində “Mistral” tipli ikinci helikopterdaşıyıcısı təntənəli surətdə Misirə təhvil verilib. Misir KİV-ləri xəbər verir ki, sabiq prezident Ənvər Sədatın adı verilən helikopterdaşıyıcı yaxın günlərdə Fransa limanını tərk edib Misirin şimal paytaxtına – İsgəndəriyyə limanına gələcək.
Təntənəli mərasimdə iştirak edən Misir rəsmi nümayəndə heyətinin rəhbəri, ölkənin Hərbi Dəniz Donanmasının komandanı Üsamə Rabia bildirib ki, Yaxın Şərqdəki müxtəlif təhdidlər öz resurslarının müdafiəsi və milli təhlükəsizliyinin təmin olunması üçün Misiri zəruri vasitələr əldə etməyə sövq edir. Komandanın sözlərinə görə, təhlükəsizlik Misirə tərəqqi yolunda sürətli templərlə irəliləmək və bütün sahələrdə ölkənin liderliyini təsdiqləmək imkanı verəcək.
Xatırladaq ki, “Mistral” tipli ilk helikopterdaşıyıcısı bu il iyunun 23-də İsgəndəriyyə sahillərinə gəlib çatıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə