SİYASƏT
Misirin “ALKAHERA” kanalında ümummilli lider Heydər Əliyevlə bağlı film göstərilib
Qahirə, 6 may, AZƏRTAC
Misirin “ALKAHERA” peyk kanalında ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə bağlı film göstərilib. Filmdə Azərbaycan xalqının hər il mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi bildirilərək, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilib.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim ölkənin tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu qeyd edilib və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığı diqqətə çatdırılıb. Onun hər zaman öz doğma xalqına sadiq olması, Azərbaycan dövlətinin sabitliyini və inkişafını təmin etməkdə bütün səylərini səfərbər etməsi, həmçinin azərbaycanlı olması ilə daim fəxr etməsi vurğulanıb.
Beynəlxalq miqyasda Heydər Əliyevin şəxsinə etimadın yüksək səviyyədə olmasından irəli gələrək 1994-cü ildə Azərbaycanda “Əsrin müqaviləsi”nin imzalandığı, beynəlxalq şirkətlərin ölkəyə investisiya yatırdığı, Ulu Öndərin həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar sayəsində bu gün Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyi vurğulanıb. Ölkənin xarici valyuta ehtiyatlarının 55 milyard dolları keçdiyi, işsizlik səviyyəsinin 5 faizə düşdüyü, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bildirilib. Bu gün Azərbaycanın digər ölkələrə investisiyalar yatırması onun əldə etdiyi nailiyyətlərin göstəricisi kimi qiymətləndirilib və bunun Heydər Əliyevin siyasi və iqtisadi sahələrdə apardığı islahatlarla bağlı olduğu qeyd edilib.
Filmdə 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim barədə də məlumat verilib.
“Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanması ilə bağlı faktlar filmdə öz əksini tapıb.
Filmdə son illər ərzində Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan əldə etdiyi gəlirlər hesabına sürətlə inkişaf etdiyi vurğulanıb. Davos İqtisadi Forumu tərəfindən hazırlanan 2014-2015-ci illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycanın 144 ölkə arasında 38-ci yerdə durduğu bildirilib. Həmçinin Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80 faizinin Azərbaycanın payına düşdüyü vurğulanıb. Bundan başqa, Azərbaycanın 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmasına səy göstərdiyi qeyd edilib.
Ərəbdilli tamaşaçılar, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumatlandırılıb.
Filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ərəb ölkələri, xüsusilə də Misir ilə əməkdaşlığa böyük önəm verdiyi qeyd edilib, onun ərəb dövlətlərinin rəhbərləri ilə şəxsi dostluq əlaqələrini inkişaf etdirdiyi diqqətə çatdırılıb.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə