SİYASƏT


Misirin “El-Vatan” qəzetində Azərbaycanın inkişafı barədə müsahibə dərc edilib

A+ A

Qahirə, 22 avqust, АZƏRTAC

Azərbaycan Respublikasının Misirdəki konsulu Emil Rəhimov bu ölkənin nüfuzlu “El-Vatan” qəzetinə müsahibə verib.

Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərində formalaşdığını, 1994-cü ildən Misirdə Azərbaycan səfirliyinin fəaliyyətə başladığını, ümummilli lider Heydər Əliyevin Misirə tarixi səfəri, bağlanan müqavilə və sazişlər sayəsində ölkələrimiz arasındaki münasibətlərin yüksək səviyyədə qurulmasını qeyd edən konsul bu əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan və Misirin turizm imkanlarından danışan E.Rəhimov ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat verib.

Azərbaycanın xarici siyasətinə toxunan diplomat ölkəmizin ədalət tərəfdarı olduğunu, beynəlxalq münaqişələrdə prinsipial mövqe nümayiş etdirdiyini bildirib. O, Azərbaycanın terrorun bütün forma və təzahürlərini pislədiyini və beynəlxalq aləmdə terrorizmə qarşı mübarizəyə öz töhfəsini verdiyini vurğulayıb.

Daha sonra diplomat bu yaxınlarda Bakıda keçirilən Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündən söz açıb və region ölkələrin iqtisadiyyatına töhfə verəcək “Şimal-Cənub” dəhlizi barədə məlumat verib.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe üzündən sülh danışıqlarının indiyədək fayda vermədiyini və Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin və maddi mədəniyyət abidələrinin Ermənistan tərəfindən talandığını xüsusi vurğulayıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.