MƏDƏNİYYƏT
Misirin İsgəndəriyyə Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan konfrans keçirilib
Qahirə, 21 aprel, AZƏRTAC
Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən Misirin İsgəndəriyyə Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan konfrans keçirilib.
Konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, kitabxananın direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri İsmail Serageldin, Mərkəzin üzvləri - Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana, Ruminiyanın sabiq Prezidenti Emil Konstantinesku, Albaniyanın sabiq Prezidenti Recep Meydani, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev və səfirliyin əməkdaşları, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri, misirli tələbələr iştirak ediblər.
Konfransı açan İsmail Serageldin Nizami yaradıcılığını geniş təhlil edərək, onun zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, dahi şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb.
Gövhər Baxşəliyeva çıxışında Nizami Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərlərindən söhbət açıb, onun istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.
Sonra sabiq prezidentlər Petar Stoyanov, Emil Konstantinesku, Recep Meydani Nizami Gəncəvi yaradıcılığının müxtəlif sahələrinə dair məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra İsmail Serageldin Nizami Gəncəvinin Azərbaycan Respublikası tərəfindən kitabxanaya təqdim olunan büstünün açılışını edib.
Daha sonra mətbuat konfransı keçirilib, KİV nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsi İsgəndəriyyə, Əl-Əzhər və Munufiyyə universitetlərinin Nizami Gəncəvinin yaradıcılığı ilə məşğul olan alimlərinin çıxışları ilə və geniş müzakirələrlə davam etdirilib.
Konfrans Misir Televiziyası və digər KİV-lərdə geniş işıqlandırılıb.