MƏDƏNİYYƏT


Misirin “Nil Mədəniyyət” kanalında Azərbaycan haqqında veriliş yayımlanıb VİDEO

A+ A

Qahirə, 27 iyul, АZƏRTAC

Misirin geniş auditoriyaya malik “Nil Mədəniyyət” kanalında “Mənim gecəm” adlı proqramda canlı yayımda Azərbaycan haqqında iki saat yarımlıq veriliş yayımlanıb.

Verilişdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov, Misirdə müvəqqəti yaşayan gənc azərbaycanlı tədqiqatçı Seymur Nəsirov, Helvan Universitetinin doktoru, eyni zamanda, Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilini tədris edən Usama Əbdürrəhim, həmin fakültənin Azərbaycan dilində təhsil almış məzunları iştirak ediblər.

Səfirliyin əməkdaşı Emil Rəhimov Azərbaycan tarixi, dövlətçilik ənənələri, zəngin mədəniyyəti, ölkəmizin qədim insan məskəni olması, Misir-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda İslam dininin yayılması tarixi, multikulturalizm dəyərləri, müstəqil Azərbaycanın inkişafında müstəsna rolu olmuş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkənin turizm imkanları haqqında geniş məlumat verib.

Proqramın ikinci hissəsində azərbaycanlı gənc alim və Misirdəki diasporumuzun fəal üzvü Seymur Nəsirov Azərbaycanla Misir arasındakı tarixi əlaqələrə toxunub, ilk dəfə ərəb dilində yazdığı kitabda Misirdə mühüm rol oynamış, əslən azərbaycanlı olan yüzdən çox tarixi şəxsiyyət barədə söz açıb.

Proqramın üçüncü hissəsində U.Əbdürrəhim Azərbaycan təbiətinin rəngarəngliyi və gözəlliyi barədə danışaraq, onun Azərbaycan incəsənətinə, folkloruna müxtəlif çalarlar qatdığını qeyd edib, ölkənin coğrafi mövqeyinin onun mədəniyyətini daha da zənginləşdirdiyini vurğulayıb. O, həmçinin Azərbaycanda mövcud olan yanardağ və onun rəmzi sayılan buta haqqında məlumat verib, Azərbaycanın memarlıq tarixinə toxunub. Ölkəmizdə sənətkarlıq və xalçaçılıq sənətinin qədim tarixi olduğunu qeyd edən alim UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış Azərbaycan muğamı, kəlağayısı, tarı və aşıq sənəti haqqında da tamaşaçılara geniş məlumat verib.

Verilişdə Ayn-Şəms Universitetinin məzun və tələbələri Azərbaycan dilinin tədrisi haqqında danışaraq, səfirliyin tələbələr üçün təşkil etdiyi “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqələri və tədbirlər, tələbələrə göstərilən qayğı və dəstəkdən söz açıblar. Eyni zamanda, Azərbaycana səfərləri zaman şahid olduqları yerlər barədə söhbət açaraq, ölkənin zəngin mətbəxi və adət-ənənələri barədə məlumat veriblər.

Canlı efirdə Azərbaycanın zəngin mədəniyyətini, tarixini, müasirliyini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.