QAN YADDAŞI
Misirin “Pensandbooks” internet səhifəsində azərbaycanlıların soyqırımından bəhs edən məqalə verilmişdir
Qahirə, 4 aprel (AZƏRTAC). Misirin “Pensandbooks” internet səhifəsində jurnalist Əhməd Tarabekin azərbaycanlıların soyqırımından bəhs edən məqaləsi yer almışdır (http://www.pensandbooks.com/article.php?id=640).
1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş qırğınların Azərbaycan xalqının tarixində baş vermiş ilk və sonuncu faciə olmadığını qeyd edən müəllif 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıya müdaxiləsi və 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının timsalında tarixin təkrarladığını vurğulamışdır. Məqalədə ermənilərin birinci dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanaraq, 1918-ci ilin 31 mart axşamı Bakıda, eləcə də Azərbaycanın digər şəhər və kəndlərdə kütləvi soyqırımları törətdikləri, İslam abidələrini və tarixi binaları yandırdıqları, şəhəri viran qoyduqları barədə geniş məlumat verilmişdir.
Müəllif Azərbaycan xalqının 1918-ci ilin martında baş vermiş bu soyqırımına sinə gərdiyini və bir müddət sonra Yaxın Şərqin ilk parlamentli respublikasını qurduğunu yazaraq, sovet işğalı səbəbindən Azərbaycan Xalq Cumhuriyyətinin ömrünün qısa olduğunu, ölkəmizin öz müstəqilliyinə 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yenidən qovuşduğunu diqqətə çatdırmışdır.
Əhməd Tarabek BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf rayonları işğal altında saxlamaqda davam edən Ermənistanın yeritdiyi bu siyasətin onun region xalqları ilə sülh şəraitində yaşamaq niyyətində olmadığına və öz xalqını müharibəyə və nifrətə sürüklədiyinə dəlalət etdiyini oxucuların nəzərinə çatdırmışdır.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə