ELM VƏ TƏHSİL
Misirin Qahirə Universitetinin tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçiblər
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Misirin Qahirə Universitetinin professoru Fatma Aşurun rəhbərliyi ilə bu elm müəssisəsində təcrübədə olan tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə institutun direktoru, akademik Vaqif Abbasov təcrübə keçən tələbələrə uğurlar arzulayıb. Akademik bu təşəbbüsün davam etdirilməsi üçün Qahirə Universiteti ilə rəhbərlik etdiyi elm müəssisəsi arasında birgə laboratoriyanın yaradılmasının vacibliyini vurğulayıb.
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ölkələrimiz arasında elmi əlaqələrdən danışıb, bu sahədə əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi və inkişafı üçün lazımi səylərin göstəriləcəyini söyləyib.
Görüşdə professor Fatma Aşur göstərilən diqqət və qonaqpərvərliyə görə NKPİ-nin rəhbərliyinə təşəkkür edib, gələcəkdə bu elm müəssisəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
Fatma Aşur NKPİ-nin direktorunun elmi işlər üzrə müavinləri Təranə Məmmədovaya və Hikmət İbrahimova Qahirə Universiteti adından bu ali məktəbin medalını hədiyyə edib.
İnstitutda təcrübə keçən misirli tələbələrə sertifikatlar təqdim olunub.