MƏDƏNİYYƏT
Misirin “Qahirə” peyk televiziya kanalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib
Misirin “Qahirə” peyk televiziya kanalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Ərəb dilində yayımlanan filmdə bildirilib ki, qədim tarixə malik olan Azərbaycan, eyni zamanda, müasirliyi ilə seçilir. Zəngin təbii sərvətləri, o cümlədən neft və qaz ehtiyatları Azərbaycana olan diqqəti daha da artırır. Bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanda yeni neft-qaz yataqlarının aşkar edildiyi, irimiqyaslı layihələrin həyata keçirildiyi barədə məlumatlar da filmdə əksini tapıb.
Azərbaycanda son illərdə geniş vüsət alan tikinti-abadlıq işləri, “Ağ Şəhər” layihəsi, sənaye müəssisələrinin açılması, ADA Universiteti, SOCAR-ın yeni tikilən binası, ölkənin tarixi-mədəni imicini əks etdirən görüntülər də filmdə yer alıb.
Tamaşaçılara Azərbaycanın qədim xalçaçılıq mədəniyyətindən, habelə tolerantlığından bəhs edən süjetlər də təqdim olunub.
Ölkəmizin mədəniyyətlərarası dialoqların və humanitar forumların keçirilməsi üçün münasib məkan olması filmdə xüsusi qeyd edilib.
Filmi aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=s1iMD5pwBl0
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri,
Qahirə