SİYASƏT
Misirin aparıcı KİV-ləri Ermənistan ordusunun Azərbaycanın Alxanlı kəndində törətdiyi qanlı cinayətdən yazır
Qahirə, 6 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayət barədə Azərbaycan Respublikasının Misirdəki səfirliyinin bəyanatı bu ölkənin nüfuzlu və geniş oxucu kütləsinə malik Yaxın Şərq Xəbərlər Agentliyi, Asiyaelyoum Xəbərlər Agentliyi, “Youm7”, “Masralarabia”, “Shabab Əl-Nil” qəzetləri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Səfirliyin bəyanatda iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin məqsədli şəkildə atəşə tutması nəticəsində nənə və nəvənin həlak olmasından söhbət açılır, erməni vəhşiliyi və terroru barədə Misir ictimaiyyətinə ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını indiyədək işğal altında saxlayır, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir, sülh danışıqlarından boyun qaçırır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə