QAN YADDAŞI
Misirin bir sıra KİV-ləri Azərbaycan səfirliyinin 31 mart soyqırımı ilə bağlı bəyanatını yayıb
Qahirə, 1 aprel, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı Misirin Yaxın Şərq xəbərlər agentliyində, “Əl-Shorouknews” internet qəzetində, “Əl-Omah”, “Əl-Shbabalnil”, “Pensandbooks” və digər portallarında yayılıb.
Bəyanatda Azərbaycanın tarixində baş vermiş soyqırımlardan, ölkəmizin 1813-cü il Gülüstan və 1828-ci il Türkmənistan müqavilələri əsasında parçalanmasından, xalqımızın öz tarixi torpaqlarından zorla çıxarılmasından bəhs edilib, 1918-ci ilin mart ayında ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında geniş məlumat verilib.
Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhərləri viran qoyduqları barədə məlumatlar bəyanatda öz əksini tapıb. Həmçinin, çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin 1905–1907-ci illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və genişmiqyaslı qətllər və vəhşiliklər də qeyd olunub.
Bəyanatda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya təsis edildiyi, 1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə