ELM VƏ TƏHSİL
Misirin elmi jurnalında azərbaycanlı alimin “Misirdə azərbaycanlı alimlərinin rolu” sərlövhəli məqaləsi dərc edilib
Qahirə, 29 may, AZƏRTAC
Misirdə yaşayan azərbaycanlı gənc alim, Qahirə Açıq Amerika Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirovun dunyanın ən məşhur və qədim universitetlərindən olan, Qahirədəki Əl-Əzhər universitetinin dillər və tərcümə fakültəsinin nəşr etdirdiyi beynəlxalq elmi jurnalda “Misirdə azərbaycanlı alimlərinin rolu” sərlövhəli məqaləsi dərc olunub.
Qeyd edək ki, məqalənin dərc olunmasına dair həmin fakultənin on beş professorundan ibarət elmi şurası məqalənin dərc olunmasına müsbət rəy bildirib.
S.Nəsirov məqalədə Azərbaycanın tarixi və coğrafiyası haqqında qısa məlumat verib, Misir-Azərbaycan tarixi əlaqələrindən danışıb.
Daha sonra müəllif Misirdə yaşamış, xalq arasında böyük şöhrət qazanmış və yüksək vəzifələrdə çalışmış, əslən azərbaycanlı olan tarixi şəxsiyyətlərdən söz açıb. Onlardan Əfzələddin Əl-Xoncini qeyd edən müəllif onun elmin ayrı-ayrı sahələrində və müxtəlif sənət növlərində məharət qazandığını, hikmət sahibi olduğunu və Misirdə qazi vəzifəsinə təyin olunduğunu, daha sonra baş qazi olduğunu bildirib, bu şəxsin hicri tarixi ilə 646-cı ildə Qahirədə vəfat etdiyini söyləyib.
Digər azərbaycanlı alim Qazi Əl-Askər kimi tanınan Məhəmməd ibn Əl-Huseyn ibn Məhəmməd Əl-Urməvi haqqında məlumat verən müəllif onun dövrünün böyük hüquqşünası və polemikaçısı olduğunu, məşhur həkim kimi tanındığını bildirib.
Başqa bir azərbaycanlı alim Fəthullah ibn Mutəsim ibn Nəfisin adlı-sanlı fəqih olması və Misirin baş həkim kimi tanınmasından söz açan S.Nəsirov məqaləsində ümumilikdə 10-dan çox tarixi şəxsiyyətdən bəhs edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə