QAN YADDAŞI
Misirin ən böyük məscidlərindən birində Xocalı şəhidlərinin ruhuna dualar oxunmuşdur
Qahirə, 7 mart (AZƏRTAC). Misirin ən böyük məscidlərindən sayılan Sultan Həsən məscidində Xocalı şəhidlərinin ruhuna dualar oxunmuşdur.
Məscidin axundu Xalid Himaya Azərbaycan haqqında məlumat vermiş, bu ölkənin İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu söyləmişdir. O, Azərbaycanın dini və mədəni dözümlülük baxımından dünyada örnək sayıla biləcək bir ölkə olduğunu diqqətə çatdırmışdır.
X.Himaya 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş faciə haqqında məlumat vermiş, 600-dən çox dinc azərbaycanlı sakinin amansızcasına qətlə yetirildiyini, şəhərin tamamilə məhv edildiyini bildirmişdir.
Axund bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir faciənin törədildiyini təəssüf hissi ilə vurğulamışdır. O, Xocalı qətliamını törətmiş cinayətkarların cəzasız qalmayacaqlarını bildirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə