SİYASƏT
Misirin nüfuzlu nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc olunub
Bakı, 5 mart, AZƏRTAC
Misirdə çıxan nüfuzlu “Əl Bəyan” qəzetində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə və müasir demokratik Azərbaycan dövlətinin qurulmasında müstəsna roluna, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətlərə həsr edilən məqalə dərc olunub.
Analitik yazıda görkəmli şəxsiyyət Heydər Əliyevin təkcə Azərbaycan tarixində deyil, bütövlükdə sovet dövrü siyasi sistemi çərçivəsində taleyüklü rolundan danışılır, vurğulanır ki, onun irimiqyaslı və uzaqgörən fəaliyyətinin şah əsəri müasir dinamik inkişaf edən Azərbaycandır.
Məqalədə Ulu Öndərin fəaliyyətinə təkcə dövlətin xilas edilməsi və qorunması deyil, həm də Azərbaycan cəmiyyətinin gələcək mütərəqqi inkişafı naminə həyata keçirdiyi kompleks tədbirlər müstəvisində böyük diqqət ayrılır. Xüsusilə vurğulanır ki, mükəmməl siyasi sistemin yaradılması, Azərbaycanın tamhüquqlu, nüfuzlu üzvü olduğu beynəlxalq münasibətlər sisteminə çıxarılması, dövlətin çox istiqamətli xarici siyasət prinsiplərinin müəyyən edilməsi, Azərbaycanın dünya miqyasında neft və qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, transmilli neft şirkətləri ilə uzunmüddətli müqavilələrin bağlanması, neftin şaxələndirilmiş nəqli və bir çox işlər Heydər Əliyevin birbaşa xidmətləridir.
Müəllif yazır: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə əbədi bağlıdır”.
Məqalədə qeyd olunur ki, bu proseslər bu gün Ulu Öndərin siyasi kursunu ardıcıl həyata keçirən, inkişafın Azərbaycan modeli çərçivəsində dövlət idarəçiliyi sistemini təkmilləşdirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsində deyilir: “Heydər Əliyev Fondu bu gün Ümummilli Liderin humanitar ideyalarının layiqincə həyata keçirir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və vitse-prezident Leyla Əliyevanın rəhbərliyi altında Fond həqiqətən də miqyaslı və şaxələnmiş humanitar fəaliyyət göstərir. Bütün bunların nəticəsində təkcə Heydər Əliyevin şərəfli adı deyil, həm də dünya ictimaiyyətinin ayrılmaz hissəsinə çevrilən Azərbaycanın nüfuzu dönmədən yüksəlir. Bu mədəniyyət diplomatiyası Bakının xarici siyasət məqsədlərinə nail olmasına imkan yaradır və Heydər Əliyev ideyaları davamçılarının Azərbaycan dövlətinin davamlı inkişafına töhfələrini artırır”.