SİYASƏT
Misirin sabiq xarici işlər naziri: Belə vəhşilik cəzasız qalmamalıdır
Qahirə, 6 iyul, AZƏRTAC
Misirin tanınmış ictimai-siyasi xadimi, ölkənin sabiq xarici işlər naziri, millət vəkili Məhəmməd Əl-Orabi AZƏRTAC-ın müxbirinə müsahibəsində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini qəsdən atəşə tutmasını, nəticədə biri uşaq olmaqla kəndin iki sakininin öldürülməsini qətiyyətlə pisləyib.
“Belə vəhşilik cəzasız qalmamalıdır”, - deyən millət vəkili bildirib ki, münaqişə ilə heç bir əlaqəsi olmayan günahsız dinc sakinlərin, xüsusilə də günahsız azyaşlı uşağın qətlə yetirilməsi xəbərini təəssüflə qarşılayıb. Mən Azərbaycan xalqına və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
“Bu cinayətə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir və belə vəhşiliklər bir daha təkrar olunmamalıdır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Son həftələr tez-tez rast gəlinən hərbi təsadüflərdən əlavə dinc əhalinin tələfatı ilə müşayiət olunan hərbi toqquşmaların sayının artması müşahidə olunur. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır”,- deyə Məhəmməd Əl-Orabi vurğulayıb.
O, müasir dünyada münaqişənin yaşlıları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə deyil, beynəlxalq hüquq və norma prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələr əsasında həll olunmasının zəruriliyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə