MƏDƏNİYYƏT


Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib

Bakı, 7 iyul, AZƏRTAC

Bu günlərdə misirli alim, Ayn-Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü seçilib.

Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, ona fəxri üzvlük vəsiqəsini AYB-in sədri, Xalq Yazıçısı Anar təqdim edib.

Xalq Yazıçısı Misir ilə Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi rəhbərinin gördüyü işləri yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.

Qeyd edilib ki, Əhməd Sami Elaydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.

Diqqətə çatdırılıb ki, Bakı Dövlət Universitetində “Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami azərbaycanşünas alim kimi bir çox ciddi tədqiqatlara imza atıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu jurnallarında dərc edilib.

Bildirilib ki, Əhməd Sami tərcümə sahəsində də gərgin əmək sərf edib. Onun ərəb dilinə tərcümə etdiyi “Müasir Azərbaycan nəsri” antologiyası Misirdə işıq üzü görüb. Eyni zamanda, Nobel mükafatı laureatı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun “Liderin qətl günü” romanı Əhməd Saminin tərcüməsində Azərbaycanda nəşr olunub. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab çap edilib. O həmçinin Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ probleminin ərəb dünyasında tanıdılmasında mühüm xidmətlər göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.