ELM VƏ TƏHSİL
Misirli alim Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlarından danışıb
Bakı, 1 iyun, AZƏRTAC
Misirli alimlər Əhməd Dərviş və Əhməd ət-Tarabik Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib. Misirli alimlərə Şərqşünaslıq İnstitutu haqqında məlumat verilib.
Qahirə Universitetinin professoru, müqayisəli ədəbiyyat üzrə tanınmış mütəxəssis Əhməd Dərviş Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlarından, eləcə də ərəb ölkələrində böyük nüfuz qazanmış orta əsrlər azərbaycanlı ədib və alimlərindən söhbət açıb.
Tanınmış jurnalist, Misirdə Azərbaycanla bağlı saysız-hesabsız məqalələrin müəllifi Əhməd ət-Tarabik vətənində ölkəmizlə bağlı informasiya azlığının aradan qaldırılmasından bəhs edib. O, üç il öncə ərəbcə, bu il isə Azərbaycan dilinə tərcümədə nəşr etdirdiyi “Qarabağ – Qafqazda sülh yolu” kitabından danışıb və həmin kitabları şərqşünas alimlərə hədiyyə edib.
Sonda misirli qonaqlar şərqşünas alimləri maraqlandıran sualları cavablandırıblar.