ELM VƏ TƏHSİL
Misirli diplomat “ADA” Universitetinin fəxri doktoru seçilib
Bakı, 15 mart, P.İmanova, AZƏRTAC
Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmir Musaya “ADA” Universitetinin fəxri doktoru adı verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 15-də “ADA” Universitetində görüş keçirilib.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev elmi şuranın qərarı ilə Əmir Musaya bu ali məktəbin fəxri doktoru adı verildiyini bildirib və fəxri doktor diplomunu qonağa təqdim edib.
H.Paşayev Əmir Musanın siyasi fəaliyyətində hər zaman sülh və əmin-amanlığın tərəfdarı olduğunu söyləyib. Rektor qonağın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu diqqətə çatdırıb.
H.Paşayev bu cür görüşlərin iki ölkənin ali təhsil ocaqları arasında elm, təhsil sahələrində münasibətlərin gücləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Rektor “ADA” Universiteti ilə Misirin ali məktəbləri, həmçinin bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əlaqələrin genişləndiyini qeyd edib. Bildirilib ki, “ADA” Universiteti bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsi ilə əməkdaşlığa dair müqavilə imzalayıb.
Görüşdə çıxış edən Əmir Musa Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib. Fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirən Əmir Musa Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının qürurverici olduğunu deyib.
Diplomat tədbir iştirakçıları ilə siyasi təcrübəsini bölüşüb.