DÜNYA
Mixael Şumaxer: qəzadan bir il sonra VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Düz bir ildir ki, Mixael Şumaxer həyat uğrunda mübarizə aparır. Belə görünür ki, o, yeni il ərəfəsində sağalmağa doğru daha bir addım atıb. İtaliya və Fransa KİV-lərinin qeyri-rəsmi məlumatlarına görə, Formula-1 üzrə yeddiqat dünya çempionu həyat yoldaşının və uşaqlarının səsini eşidərkən gözləri yaşarır. Bu da onun tədricən yaxşılaşmasının təsdiqi ola bilər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Mixael Şumaxer ötən il dekabrın 29-da Fransa Alplarında xizək sürərkən qəzaya uğramış və ağır kəllə-beyin xəsarəti almışdı. Əfsanəvi idmançı qəzadan sonra Qrenob xəstəxanasına yerləşdirilmiş və yarım il süni koma vəziyyətində qalmışdı. Bundan sonra o, bir neçə ayı Lozannadakı klinikalardan birində müalicə olunmuş və sentyabrda evinə aparılmışdı.
Həyat yoldaşı Korinna Şumaxerin səhhətinin yaxşılaşdığını bildirsə də, həkimlərin fikrincə, onun sağlamlığının tam bərpa olunacağına ümid azdır.