ELM VƏ TƏHSİL
Mixail Nuaymənin şeirləri Azərbaycan oxucusuna təqdim olunub
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycanda ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Mixail Nuaymənin ədəbi irsinə maraq getdikcə artır. Ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı, görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın başladığı iş bu gün də mütəxəssislər tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Yazıçılar Birliyində (AYB) filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun tərcüməsində Mixail Nuaymənin “Kipriklərin pıçıltısı” kitabının təqdimat mərasimi keçirilib. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış şeirlər kitabı Mixail Nuaymənin ədəbi irsinin Azərbaycanda təbliği sahəsində uğurlu addım kimi dəyərləndirilir.
Kitabın redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyevadır. 236 səhifəlik kitabın tərcüməsi ilə yanaşı orijinalının da verilməsi mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb. Kitabda Mixail Nuaymənin qardaşı nəvəsi Nəcib Nuaymənin tərcümə ilə bağlı Mahir Həmidova ünvanladığı məktub da yer alıb.
Tədbirdə AYB-nin katibi İlqar Fəhmi Mixail Nuaymənin “Kipriklərin pıçıltısı” kitabının Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib.
Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev M.Həmidovun illər öncə Mixail Nuaymə irsini Livanda, M.Nuaymənin doğma kəndi Biskintada necə tədqiq etdiyinin şahidi olduğunu söyləyib. Səfir M.Həmidovun M.Nuaymənin Biskintadakı evini, mütəfəkkir şairin Sinnin dağının ətəklərindəki məzarını ziyarət etdiyini, şairin ailə üzvlərindən, xüsusilə də onun qardaşı nəvəsi Nəcibdən şair haqqında çoxlu məlumatlar əldə etdiyini xüsusi vurğulayıb.
Təqdimat mərasimində digər çıxış edənlər də M.Nuaymənin əsərlərinin ölkəmizdə kitab halında ilk dəfə çap olunmasını ədəbi nailiyyət kimi dəyərləndirib, Mahir Həmidova daha böyük yaradıcılıq uğurlar arzulayıblar.