İDMAN
“Mixail Tal Memorialı”nın mükafat fondu açıqlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 25-dən oktyabrın 6-dək Moskvada Rus İmpressionizmi Muzeyində X “Mixail Tal Memorialı” şahmat turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin 10 iştirakçısı arasında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da yer alıb. Sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), sabiq dünya çempionu Vişvanatan Anad (Hindistan), Aniş Qiri (Niderlandın ikiqat çempionu), “Dünya Kuboku-2009”un qalibi Boris Qelfand (İsrail), rusiyalı şahmatçılar Pyotr Svidler, Yevgeni Tomaşevski, Yan Nepomnyaşşi və başqaları onun rəqibi olacaq.
Dairəvi sistem üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Oyunlarda nəzarət vaxtı belədir: ilk 40 gediş üçün 1 saat 40 dəqiqə + 20 gediş üçün 50 dəqiqə + 15 dəqiqə oyunun sonuna qədər hər gediş üçün (birinci gedişdən başlayaraq) 30 saniyə.
X “Mixail Tal Memorialı”nın açılış mərasimi və püşkatma blits turniri sentyabrın 25-də keçiriləcək. Yarışlar sentyabrın 26-dan başlanacaq. Sentyabrın 28-i və oktyabrın 3-ü turnirdə istirahət günləridir.
Turnirin mükafat fondu 200 min dollardır.
Yarış Rusiya Şahmat Federasiyasının Yelena və Gennadi Timçenko Xeyriyyə Fondu ilə birlikdə 2012-ci ildən reallaşdırdığı “Muzeydə şahmat” proqramının davamı olacaq.