SİYASƏT
Mladen İvaniç: Bosniya və Herseqovina hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən konfrans çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri Nazim İbrahimovla görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin hər iki tərəfi qane etdiyi bildirilib, əlaqələrin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. O, Bosniya və Herseqovina parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Xocalı soyqırımını tanıyan sənəd qəbul etdiyini və ölkəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb. Mladen İvaniç, həmçinin azərbaycanlı sahibkarları Bosniya və Herseqovinaya investisiya yatırmağa çağırıb.
Nazim İbrahimov isə öz növbəsində Bosniya və Herseqovinanın dövlət başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirə qatıldığına görə təşəkkür edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə və onun təşkilatçılığı ilə həyata keçirilən layihələrə, forumlara xüsusi önəm verdiyini vurğulayıb. Dövlət Komitəsinin sədri Mladen İvaniçi Azərbaycan hökuməti adından gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumuna dəvət edib.
Görüşdə hər iki ölkənin müstəqillik qazandığı ilk dövrdən etibarən oxşar tale yaşadığı qeyd edilib. Müharibələrin yaratdığı problemlərə baxmayaraq, dini və etnik tolerantlığın hər iki ölkədə önəmli məsələ olduğu vurğulanıb. Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə və qətiyyətlə dəstəkləyən Bosniya və Herseqovina ilə ölkəmiz arasında əlaqələrin daha da inkişafının, birgə layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib.