CƏMİYYƏT
Mobil nömrə daşınması xidməti fəaliyyətə başlayır VİDEO
Bakı, 28 yanvar (AZƏRTAC). Respublika ərazisində mobil nömrə daşınması xidməti fevralın 1-dən fəaliyyətə başlayacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq - həm mərkəzi baza sistemi avadanlığı, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıq quraşdırılmışdır. Mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılmış, aidiyyəti müqavilələr bağlanılmış və müvafiq test-sınaq işləri müvəffəqiyyətlə başa çatdırılmışdır.
Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abonentin istifadə etdiyi mobil telefon nömrəsinin həmin abonentə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abonentlərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün RİTN tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilmişdir.
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abonentlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından səmərəli istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abonentlərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.