İQTİSADİYYAT
Mobil operator “yaşıl” stansiyaların sayını artırır
Bakı, 5 oktyabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin günəş enerjisi ilə çalışan “yaşıl” stansiyalarının sayı artır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, artıq iki yeni Litium akkumulyator alınıb və yerlərdə quraşdırılıb. Hazırda sınaq testləri aparılır. Güzdək və Cəlilabadın Ağusəm kəndindəki RBS-lərdə məhz belə akkumulyatorlar fəaliyyət göstərir. Bundan əlavə, “Azercell” tamamilə elektrik enerjisinin iştirakı olmadan, günəş enerjisi ilə çalışan iki yeni stansiya da quraşdırıb. “Huawei” şirkəti ilə birgə quraşdırılan bu stansiyalar gündüz yalnız günəş enerjisi hesabına işləyir. Adi qaydada bir generator ay ərzində 200 saat işləyib 500 litrdən çox yanacaqdan istifadə edir. Günəş enerjisi ilə işləyən stansiyalarda isə generator 6 ay ərzində cəmi 30 saat işləyərək 75 litr yanacaq sərf edib.
“Azercell” 2009-cu ildə ölkədə və regionda ilk “yaşıl” radio baza stansiyasını işə salıb. Əvvəlkilərə nisbətən yeni Litium akkumulyatorlar daha tez – cəmi 2,5 saata tam enerji ilə dolur. Bu da cihazın yarımçıq halda işə düşməsinin qarşısını alır və uzunömürlü olmasına təsir göstərir. Bundan əlavə, Litium akkumulyatorları yüksək temperaturlara da davamlıdır. Adi akkumulyatorlar maksimum 25 dərəcə istidə çalışdığı halda, yeniləri 45 dərəcədə normal işləyir və kondisionerə ehtiyac olmur. Bu da generatoru az işlədir və yanacaq sərfi azalır.
“Azercell” hazırda ölkə üzrə ümumilikdə 4932 2G/3G/4G radio baza stansiyasına və 1464 ikinci daşıyıcı stansiyaya malikdir və bu saytların sayı daim artırılır. Təkcə bu ilin avqustunda 60-dək yeni radio baza stansiyası quraşdırılıb.