DÜNYA
Mobil qurğuların virusa yoluxma halları 400 faiz artıb
Bakı, 28 mart, AZƏRTAC
2016-cı ildə mobil qurğuların zərərli proqram təminatına yoluxması halları təqribən 400 faiz artıb. Virusa yoluxmuş cihazların payı isə 2012-ci ildən aparılan müşahidə anından etibarən maksimuma çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yüz milyondan çox mobil qurğunu təhlil etmiş “Nokia” şirkətinin hesabatında deyilir.
Şirkətin məlumatına görə, ötən ilin ikinci yarımilliyində smartfonlar daha çox (85 faiz) hücuma məruz qalıb. 2016-cı ildə “Android” sistemi ilə işləyən smartfonlar və planşetlər hakerlərin əsas hədəfinə çevrilib, bu da həmin mobil əməliyyat sisteminin liderliyi ilə izah edilir. Hakerlər, həmçinin “iOS” və başqa əməliyyat platforması ilə işləyən qurğulara hücum ediblər. Hücumlar əsasən zəngləri, mesajları, sosial şəbəkələrdə əlaqəni, axtarış sorğularını, istifadəçilərin olduğu yeri izləyə bilən casus proqram təminatı vasitəsilə həyata keçirilib.
“Nokia” şirkətinin mütəxəssisləri, həmçinin “əşyalar interneti” kateqoriyasına məxsus qurğularda boşluqların sayının artmasını qeydə alıblar. Bu sahədə hücumların artımı internetə qoşulmuş qurğuların təhlükəsizliyinin təkmilləşdirilməsi ehtiyacından xəbər verir.