MƏDƏNİYYƏT
Moda
Qonağımız gənc modelyer Günel Behbudovadır VİDEO
Bakı, 11 fevral (AZƏRTAC). London, Nyu-York, Paris və Milanda keçirilmiş dəb həftələri yeni mövsümün dəbini müəyyənləşdirmişdir.
Parlaq rənglər, möhtəşəm art-printlər, retso stilin aktuallığı, xəzlə işlənmiş geyimlər –bunlar yeni mövsümün dəbinin əsas meyilləridir.
İtalyan dəbinin paytaxtı Milanda gələcəyə keçmişə baxmağı unutmadan nəzər salırlar. Burada dizaynerlər iki qrupa ayrılmışlar. Bir qrup dodaq boyaları və saç düzümü ilə 50-60-cı illərin dəbini qoruyub saxladığı halda, digərləri isə adi fırçalardan deyil, yüksək texnoloji aeroqraflar vasitəsilə futuristik saç düzümlərini tövsiyə edir.
Bakı bu gün müasir, gözəl, dinamik və inkişaf etmiş şəhərdir. Böyük şəhərimizdə insanların geyim formasına mühitdən tutmuş fəsil, adət-ənənə və s. kimi bir çox amillər təsir edir.
Bakıda bir çox brend moda evləri vardır, buna görə şəhərimizin sakinlərinin müxtəlif geyim seçimi mövcuddur. Bakı bulvarı istiqamətində bütöv bir küçə “Gucci”dən başlayaraq “Ferragamo”dək məşhur dünya brendlərinin moda evlərindən ibarətdir.
Həmçinin şəhərimizdə “KENZO”, “Valentino”, “Jil Sander”, “Waggon Paris” kimi tanınmış brendlərin dəb nümayişləri keçirilir.
Dəbin dəyişmək xüsusiyyəti vardır. Geyimdə stil dəyişir, dəbdə yeni istiqamətlər yaranır. Yerli modelyer, “Fashion Mystery” moda evinin sahibi Günel Behbudova AZƏRTAC-a eksklüziv müsahibəsində dəbin xüsusiyyətlərindən danışmışdır.
Günel Behbudova dəb baxımından Bakının bu gün dünyanın bir çox şəhərləri ilə ayaqlaşdığını bildirmişdir.
Təkrarolunmaz və nəfis interyeri olan “Fashion Mystery” dəb evinin dizaynı da Günel Behbudovaya məxsusdur. Burada nümayiş olunan kolleksiyada modelyer-dizaynerə məxsus bəzək əşyaları, bijuteriya, aksessuarlar və axşam paltarları vardır.
Yaradıcılıq yolunun başlanğıcında olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu və Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Behbudova ölkəmizi dəfələrlə xaricdə təmsil etmişdir.
Günel Behbudova Parisdə və Gürcüstanda keçirilmiş sərgilərdə ölkəmizi layiqincə təmsil etdiyini bildirmişdir.