MƏDƏNİYYƏT
“Moda”nın budəfəki qonağı dəbin hər istiqamətində fəaliyyət göstərən modelyer-dizayner Gülnarə Xəlilovadır [VIDEO]
Bakı, 21 iyun (AZƏRTAC). Milliliyin müasir modaya inteqrasiyasında inkişaf hər il açıq-aydın nəzərə çarpır.
Məlumdur ki, Azərbaycanın qədim tarixinin bir hissəsini milli geyimlər təşkil edir. Son vaxtlar modelyerlərimizin kolleksiyalarında Azərbaycanın xalq yaradıcılığının, etnoqrafiyasının, tarixinin və bədii xüsusiyyətlərinin izləri daha çox hiss edilir. Xalqın tarixi və milli mədəniyyəti, xalq yaradıcılığı milli geyimlərdə öz əksini tapır. Azərbaycan geyim mədəniyyətində özünəməxsus üslubu ilə seçilən modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova AZƏRTAC-a eksklüziv müsahibəsində dəb aləmində fəaliyyətindən geniş bəhs etmişdir.
Modelyer uşaqlıq illərindən onda bu sahəyə yaranan marağın yaşa dolduqdan sonra da itmədiyini bildirmişdir. Əvvəlcə öz geyimlərinə dizayn verən modelyer maraqlı parçalardan tikilən və özünün toxuduğu libasları ilə cəmiyyətin diqqətini cəlb etdiyini bildirmişdir.
Modelyer demişdir ki, dəb aləminə marağım yaradıcı ailədə doğulmağımdan irəli gəlir. Bu səbəbdən sənətin hər bir istiqamətinə olan maraq, sonda özünü dəb istiqamətində daha çox göstərmişdir. Modelyerin sözlərinə görə, valideynlərindən biri Gülnarə Xəlilovanın yaradıcılıq istiqamətində peşəkar tədris almasına qarşı olsa da, o dövrdə Moda Assosiasiyası tərəfindən keçirilən dəb tədbirləri və müsabiqələrdə iştirak edən modelyer sonradan peşə kimi məhz bu istiqaməti seçmiş və bu günədək fəaliyyət göstərir.
Sənətə ilk gəlişini məhz toxuma əl işlərindən başlayan modelyer Azərbaycanda və xarici ölkələrdə tanınan böyük “İlmələrin sehri” kolleksiyasının bir hissəsinin bu il Bakıda keçirilmiş III “Univiziya” tələbə mahnı müsabiqəsi çərçivəsində sərgiləndiyini bildirmişdir.
“İlmələrin sehri” kolleksiyasında 2000-ci ildən bu günədək hazırlanan geyimlərin sayı çoxdur. Kolleksiyada müxtəlif üslublu geyimlər vardır və burada çox çətin iş texnikasından istifadə olunmuşdur. Modelyerin məhz bu kolleksiyasından olan toxuma geyimləri dəfələrlə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etmişdir.
“Beauty of the World” (2010-cu ildən 2013-cü ilədək hər il), “Miss Tourism” (2010-cu ildən 2013-dək hər il) kimi mötəbər dəb tədbirlərində modelyerin geyimləri təqdim olunaraq müxtəlif diplom və nominasiyalara layiq görülmüşdür. 2010-cu ildə toxunma kolleksiyadan olan ağ libas “Beauty of the World 2010” Beynəlxalq müsabiqədə Azərbaycanın təmsilçisi dünyanın ən gözəl ziyafət geyimi nominasiyasında mükafatlandırılmışdır.
Gülnarə Xəlilova bildirmişdir ki, son vaxtlar ölkəmizdə gənclər arasında milli üsluba maraq artmışdır. Onlar nəinki məclislərdə, hətta gündəlik həyatda kiçik bir element də olsa belə milli bir ornament, çalar istəyirlər.
Azərbaycanda bir çox teatr tamaşalarında və film çəkilişlərində geyim üzrə rəssam kimi çalışan modelyer Gülnarə Xəlilova bu sahələrdə fəaliyyəti haqqında da məlumat vermişdir.
Azərbaycanın xaricdə layiqincə təmsil olunmasına xüsusi önəm verdiyini bildirən modelyer demişdir ki, əl işlərinin bir çoxunu tanınmış siyasətçilərə, incəsənət nümayəndələrinə və xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə hədiyyə edir. Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə, Baş nazir Rəcəb Tayyib Ərdoğana və qardaş ölkənin digər bir çox məşhur simalarına modelyerin işləri hədiyyə olunmuşdur.
Həm dəri, müxtəlif parça növləri, həm də ip və saplarla işləyən modelyer vurğulamışdır ki, “Gülnarə Xəlilova Moda evi”ndə bəzək əşyalarından tutmuş fərqli üslublarda geyimlərədək dəb aləminə aid hər bir məhsul hazırlanır.