İQTİSADİYYAT


Model layihə əsasında istifadəyə verilən çimərliyin açılışı olub

A+ A

Bakı, 15 iyul, Flora Şükürova, AZƏRTAC

İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisində yerləşən “AF-Hotel” mehmanxanasında çimərlik turizmi üzrə model layihəsi əsasında istifadəyə verilən çimərliyin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq sahə üzrə əməkdaşları, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyətinin başçılarının müavinləri və turizm sektorunun nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, bir ay müddətində yenidən qurulan çimərlikdə turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada istirahət edən insanlar dənizdə üzməklə yanaşı, çimərliyin ərazisində yaradılmış hovuz, soyunub-geyinmə, duş otaqları, çətirlər və digər vasitələrdən də faydalana bilərlər. Həmçinin, insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsi də fəaliyyət göstərir. Bildirilib ki, mövcud yerli və beynəlxalq standartlar nəzərə alınaraq hazırlanan layihə çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin istirahətinin təşkili məqsədilə çimərliyin lazımi xidmətlərlə təmin edilib.

Ərazi ilə tanış olan Ə.Qarayev belə çimərliklərin davamlı olaraq açılmasının məqsədə uyğun olduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmizdə çimərlik turizminin davamlı inkişafını, yerli və xarici turistlərin yüksək keyfiyyətli çimərlik xidmətlərindən faydalanmasını, turizm xidməti obyektlərində insanların təhlükəsizliyini və sanitariya-epidemioloji sağlamlığını təmin etmək, həmçinin bu sahədə özəl sektor üçün çimərlik ərazilərinin standartlara uyğun planlanması və idarə edilməsi modelinin tətbiqi olduqca vacibdir.

Nazir çimərliyin işinin müasir standartlara uyğun təşkil olunması üçün tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.