SİYASƏT
Möhsün Pakayin: Azərbaycan xalqının qonaqpərvərliyini heç vaxt unutmayacağam
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfirin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki qardaş və qonşu ölkə arasında münasibətlərin son illər daha da inkişaf etdiyi bildirilib. A.Paşazadə səfir Möhsün Pakayinin bu sahədə xidmətlərini xüsusi qeyd edib.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu yaxınlarda ölkəmizdə rəsmi səfərdə olmasını, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünü, ikitərəfli sənədlər imzalamasını xatırladan QMİ sədri belə səfərlərin əlaqələrimizin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. O, təcrübəli diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Möhsün Pakayin Azərbaycanda diplomatik fəaliyyətindən məmnunluq duyduğunu, xalqımızın qonaqpərvərliyini heç vaxt unutmayacağını deyib.
Görüşdə İran İslam Respublikasının Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad iştirak edib.