İQTİSADİYYAT


Möhtəşəm İsveçrə

Açıqcadakı şəhər – Montrö

Bakı, 24 iyun, AZƏRTAC

Montrö maşınla Cenevrə aeroportundan bir saatlıq məsafədə - İsveçrə Rivyerasının kurort zonasında yerləşir. Rahatladıcı, eyni zamanda ruhlandırıcı ab-havası olan bu şəhərdə turistlərin çox sevdikləri çeşidbəçeşid baxmalı və görməli məkanlar - tarixi abidələr, mənzərəli dalanlar, eksklüziv mağazalar var. Qədimilik həvəskarları Cenevrə gölünün əsrarəngiz mənzərələri fonunda yerləşən Orta Əsrlərə aid Şilyon qəsrinə valeh olacaqlar. Təbiəti sevənlər isə dağda yerləşən unikal “Marmot cənnəti” parkına getmək şansını əldən verməyəcəklər. Parkda bu heyvanlar təsvirəgəlməz gözəlliyin əhatəsində təbii şəraitdə yaşayır. Ancaq gəlin bütün bunlar haqqında növbə ilə danışaq!

Caz sədaları altında gəzinti

Müsafir olduğumuz qonşu Vevedən Montröyə qatarla cəmi altı dəqiqəyə gəldik. Mehmanxanamız – “Grand Hotel Suisse-Majestic” dəmir yolu stansiyasının yanındadır. Yüz illik tarixi olan bu dördulduzlu otel şəhərin lap mərkəzində - Cenevrə gölü sahilinin yaxınlığında yerləşir. Şəhərlə tanışlığa da elə buradan başlamaq istəyirik.

Montrö Cenevrə gölündə hər tərəfdən müdafiə olunmuş buxtada – Alp dağlarının başı qarlı möhtəşəm zirvələrinin əhatəsində yerləşir. Onun sahil zolağı bütün şəhər həyatının mərkəzidir. Veve ilə Montrönü birləşdirən və Şilyon qəsrinə qədər uzanan güllü-çiçəkli seyrəngah sanki gəl-gəl deyərək gəzintiyə dəvət edir. Hər tərəf yaşıllıqlar içində və abaddır. Özü də adətən Aralıq dənizi regionu ilə assosiasiya olunan bitkilər – palma və sərv ağacları mülayim iqlim sayəsində burada özlərini çox rahat hiss edir. Gölün hər yerində yelkənli gəmi və katerlər görünür. İsveçrə Rivyerasının sakinləri və qonaqları onlardan fəal istifadə edirlər. Gölün dumduru suyu həm çimmək, həm də su idman növləri üçün münasibdir. Sahildə Cenevrə gölünün rəmzlərindən biri sayılan saysız-hesabsız ağ qu quşları var.

Sahil boyunca yerləşən çoxsaylı binalar, o cümlədən otelimiz, habelə möhtəşəm “Fairmont Le Montreux Palace” “Gözəl əyyamlar” (“Belle Époque”) dövrünə aiddir. Sahildə canlı musiqinin ifa olunduğu çoxsaylı müasir kafe və restoranlar yerləşir. Bakı kimi, Montrö də caz şəhəridir. 1967-ci ildən etibarən burada hər il iyunun əvvəlində məşhur caz festivalı keçirilir və dünyanın hər yerindən ən yaxşı ifaçıları toplayır. Caz festivalı dövründə musiqi təkcə caz-klub və salonlarda səslənmir: improvizə edilmiş konsertləri park və küçələrdə də dinləmək olar. Maraqlıdır ki, festival lap əvvəldən sırf caz tədbiri kimi düşünülsə də, 1970-ci ildən burada soul, rok, blüz və s. kimi istiqamətləri təmsil edən musiqiçilər də iştirak edirlər. “Rolling Stones”, “Deep Purple”, “Queen” kimi qruplar tez-tez bu festivalın qonağı olublar.

Yeri gəlmişkən, Montrödə Britaniyanın “Queen“ qrupuna xüsusi münasibət var. Şəhərdə bu qrupun yaradıcılığına həsr olunmuş muzey fəaliyyət göstərir, sahildə isə onun solisti, Montrönü çox sevmiş və bir neçə ilə burada yaşamış Freddi Merkurinin abidəsi ucalır. “Queen” qrupu uğur qazanmış albomlarının böyük hissəsini Montrödə, “Mountain Studio” səsyazma studiyasında yazdırıb və muzey də hazırda bu studiyada yerləşir. Onun eksponatları arasında çoxsaylı xatirə əşyaları, o cümlədən musiqiçilərin səhnə geyimləri, mahnılarının əlyazmaları və çaldıqları musiqi alətləri var.

Şilyon qəsrinin cəngavərləri

Cenevrə gölü sahilində yerləşən Şilyon qəsri Montrünün əsas görməli məkanıdır. Bu qəsr şəhərə gələn hər bir turistin mütləq getmək istədiyi əsl orta əsr attraksionudur. Qəsrin İsveçrənin ən gəliş-gedişli tarixi tikilisi olduğunu desək, yanılmarıq.

Şilyon təqribən 400 il ərzində Savoya qraflarının iqamətgahı olub. İsveçrə vətənpərvəri və tarixçisi Fransua Bonivar qalanın içindəki zindanda dörd il qandallanmış vəziyyətdə saxlanılıb. Bu əhvalat lord Bayronu 1816-cı ildə poemasını yazmağa ruhlandırıb.

Cenevrə gölü ilə dik dağ yamacları arasında yerləşən qayalıq ada hələ tarixdən əvvəlki dövrlərdə məskunlaşmış ərazi olub. Cenevrə gölündə gəmilərin hərəkəti və Sen-Bernar aşırımına gedən çox mühüm yol yüz illər boyu bu adadan idarə olunub. Şilyon XII-XVI əsrlərdə Savoyya qraflarına məxsus olub. 1536-cı ildə Bern sakinləri qəsri ələ keçiriblər. 1803-cü ildə isə Vo kantonunun müstəqilliyinin elan edilməsi ilə əlaqədar bu kantonun sərəncamına keçib.

Hazırda qəsrdə muzey yerləşir. Muzey hər il 350 mindən çox adam qəbul edir. Bütün kompleks 25 binadan, habelə iki dairəvi divarla müdafiə olunan üç daxili həyətdən ibarətdir. Qəsrə daxil olanda sanki orta əsr cəngavərləri və şahzadə qızları haqqında nağıllardakı şəhərə düşürsən. Burada hər şey ilkin görkəmində saxlanılıb: daş döşənmiş küçələr, oyma naxışlı taxta eyvanlar, aşırma körpülər. Burada XIV əsrə aid naxışlı divarları, bernlilərin hökmranlığı dövrünə aid yeraltı anbarları, dəbdəbəli salonları və yataq otaqlarını görmək olar. Ekspozisiyanı orta əsrlər dövrünə aid əsil silahlar – toplar, gürzlər, tüfənglər, mancanaqlar, nizələr və s. tamamlayır. Ayrı-ayrı stendlərdə orijinal cəngavər yaraq-əsləhəsi təqdim olunub.

Qəsri əhatə edən əsrarəngiz təbiət mənzərələrini isə xüsusi vurğulamaq lazımdır. Bir tərəfdən yamyaşıl qayalarla haşiyələnmiş, digər tərəfdən üfüqə istiqamətlənmiş gözəllər gözəli Cenevrə gölünün, yaxud fransızlar demişkən, Leman gölünün tamaşasından doymaq olmur. Qəsrin qarşısından gölə yaraşıqlı taxta körpü uzanır. Turistlərin çox bəyəndikləri bu yerdə son dərəcə gözəl şəkillər alınır.

Marmotların cənnət məkanı və Şokolad qatar

İsveçrə misilsiz təbiəti olan qeyri-adi ölkədir. Burada qədim şəhərlərin və abad sahil ərazilərin füsunkarlığı göz bəbəyi kimi qorunan bakirə təbiətlə vəhdət təşkil edir. Buna əmin olmaq üçün dağ gəzintisinə çıxmaq kifayətdir. Elə belə də etdik.

İsveçrədə qatarlar dağlarda ən populyar nəqliyyat vasitəsidir! İsveçrəlilər mürəkkəb relyefli yerlərdə dəmir yolları tikintisi sahəsində pionerdirlər və bu işin əsl ustasıdırlar. Onlar buna iki adi rels arasına dişli rels qoyulmasını nəzərdə tutan xüsusi texnologiya sayəsində nail olublar. Belə dəmir yollarında hərəkət edən qatarlar da müvafiq olaraq dişli təkərlərlə təchiz edilirlər. Dişli dəmir yollarının qatarları adi qatarlardan fərqli olaraq, dik yoxuşlarda asanlıqla hərəkət edir. İsveçrə bu tip dəmir yollarının sayına görə rekordçudur: burada 20-dən çox belə yol var.

Yolumuz Montrödən Roşe-de-Neyədir. Burada dəniz səviyyəsindən 2042 metr yüksəklikdə unikal marmot qoruğu yerləşir. Qatar dağlara qalxdıqca Cenevrə gölünə, Savoyyaya, Voya, Valeyə və Alp dağlarına əsrarəngiz mənzərə açılır. Meşələri laləzar çəmənliklər və nərgizgülü bitən talalar əvəzləyir. Bəli-bəli, yanlış başa düşmədiniz. İsveçrədə yabani nərgizgülü bitir və aprel-may aylarında bol çiçək açaraq, bu yerləri ağ ləçəklərinin bihuşedici ətrinə bürüyür. Montrödə bitən nərgizgülü yazıçılar Lev Tolstoyun və Ernest Heminqueyin əsərlərində xatırlanır, 1897-ci ildən 1957-ci ilədək isə burada hətta nərgizgülü festivalları keçirilib. İndi isə nərgizgülü talaları öz gözəlliyi ilə fotoqrafları, turistləri, velosipedçiləri, Skandinaviya yerişini sevənləri və paraplaneristləri cəlb edir.

Bənzərsiz landşaftlara qırx dəqiqə ərzində tamaşa edə-edə Roşe-de-Neyə çatırıq. Regionun ən gözəl seyrəngahlarından biri onun relyefli qayalarının əhatəsində yerləşir. Buradan Cenevrə gölünə və Alp dağlarına heyrətamiz mənzərə açılır. Turistlər marmotların yuvalarına tamaşa edə bilirlər. “Marmot cənnəti” adlı xüsusi qoruqda bu heyvanların 14 növü məskunlaşıb. Yuvalar elə qurulub ki, onların sakinlərinin həyatını şüşə arakəsmədən müşahidə etmək olar. Marmotlar turistlərə öyrəşiblər. Bəzən yuvalarından çıxaraq təpəciklərə qalxır və özlərini günə verirlər.

Burada Alp bağı yerləşir. 1896-cı ildə açılan bu bağda dünyanın hər yerindən təqribən min növ dağ bitkisi görmək olar. Qeyri-adi hisslər yaşamaq istəyənlərə hər cür rahatlığı olan əsl alaçıqlarda gecələmək təklif olunur.

Nahar etmək üçün yaxınlıqdakı Ko şəhərciyinə yollanırıq. Qatarla Koya 10 dəqiqəlik yoldur. Burada dəniz səviyyəsindən 1150 metr yüksəklikdə ənənəvi İsveçrə şalesi - “Le CouCou” (“Ququ quşu”) ailə otel-restoranı yerləşir. Restoranın terrasından Cenevrə gölünə və meşə ilə örtülmüş dağlara açılan mənzərəyə baxdıqca doymaq olmur. Bu yerlərin mətbəxində isə ancaq və ancaq yerli orqanik məhsullardan istifadə edilir.

Yeri gəlmişkən, Roşe-de-Neyə və başqa regionlara təkcə adi qatarla deyil, həm də may ayından oktyabr ayınadək işləyən Şokolad qatarda səyahət etmək olar. Bu tur yalnız birinci dərəcəli vaqonlarda – ya 1915-ci ilin vintaj vaqonunda, ya da müasir panoramlı vaqonlarda səyahət təklif edir. Belə turu fərqləndirən cəhət budur ki, gediş haqqına isti qəhvə, kruasanlar və pendirli fondü, habelə “Nestle” şokolad fabrikinə getmək və onun məhsullarını dequstasiya etmək daxildir. Necə deyərlər, həm ziyarət, həm ticarət!

Emil Eyyubov

Foto Fərhad Həşimovundur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.