İQTİSADİYYAT


Möhtəşəm İsveçrə: Lozanna dünyanın Olimpiya paytaxtıdır

Bakı, 9 iyun, AZƏRTAC

Cenevrə gölünün sahilində yerləşən Lozanna İsveçrənin ən gözəl şəhərlərindən biridir. Fransızdilli Vo kantonunun paytaxtı. böyüklüyünə görə ölkənin dördüncü şəhəri, 138 mindən çox əhalisi olan Lozanna regionun işgüzar və mədəni həyatının müasir və çoxşaxəli mərkəzidir. Şəhərdə universitet, biznes məktəbi, çoxlu muzey və tarixi məkan var. Ən başlıcası isə Lozanna Olimpiya hərəkatının paytaxtı sayıldığı üçün Beynəlxalq Olimpiya Komitəsinin və idman federasiyalarının çoxunun qərargahları burada yerləşir.

Lozannada keçirdiyimiz iki gün bu gözəl şəhərin cazibəsini duymağımıza kifayət etdi.

Bir gölün iki sahilində

Lozannanın öz hava limanı yoxdur. Buna görə də turistlər əvvəlcə təyyarə ilə Cenevrəyə gəlirlər. Oradan Lozannaya qatarla qırx dəqiqəlik yoldur. Bakıdan Cenevrəyə gəlmək üçün biz Türk Hava Yollarının Bakı-İstanbul-Cenevrə tranzit reysindən istifadə etdik. Yola ümumən 7 saat vaxt sərf etdik.

Cenevrə gölü, yaxud fransızlar demişkən, Leman böyüklüyünə görə Alp dağlarının ən böyük, Macarıstanın Balaton gölündən sonra Mərkəzi Avropanın ikinci gölüdür. Göl İsveçrə ilə Fransanın sərhədində yerləşir. Bir o qədər də geniş olmayan uzunsov formadadır. Odur ki, gölün İsveçrə sahilindən Fransa sahili çox aydın görünür və əksinə. Gölün İsveçrə sahilində Lozanna, Veve, Montre və b. şəhərlər yerləşir.

Lozannanın mərkəzi dəmir yolu vağzalından otelə yollandıq. Bu şəhərin, eləcə də regionun digər şəhərlərinin əsas ictimai nəqliyyat növü trolleybusdur. Lozannada metro da fəaliyyət göstərir. Sözün düzü, İsveçrədə yeganə metro da elə buradadır. Şəhər təpələrin üstündə yerləşdiyi üçün metro daha çox funikulyoru xatırladır. Bir stansiya gedəndən sonra düşdük və artıq bir neçə dəqiqədən sonra mehmanxananın vestibülündə idik. Lozannanın düz mərkəzində yerləşən bu dördulduzlu otel “De la Paix” adlanır. Otelin pəncərələrindən Cenevrə gölünə və Alp dağlarına gözəl mənzərə açılır. Barəsində heç nə bilmədiyimiz Lozanna ilə tanış olmağa can atırdıq. Yaxşı ki, yanımızda bələdçi vardı. O, maraqlı nə varsa, hamısı barədə məlumat verməyi və göstərməyi bizə söz vermişdi.

Qocaman şəhərin tarixinə baş vurmaq, orta əsrlər dövrünə aid küçələrdə gəzişmək və XII əsrdə qotik üslubda inşa olunmuş “Notr-Dam” kilsəsinə tamaşa etmək üçün turistlər ilk növbədə şəhərin qədim mərkəzinə - “La site”yə yollanırlar. “Notr-Dam” rəngli şüşələrdən məharətli yaradılmış vitrajları ilə məşhurdur. “Qızılgül” adlanan ən qədim vitraj kilsənin cənub divarında yerləşir. Maraqlıdır ki, şəhərin yanğınların cəngində olduğu 1405-ci ildən başlayan ənənəyə görə, kilsənin zəng qülləsinin keşikçisi hələ də hər gecə üzünü dörd tərəfə tutub “Bu, gecə gözətçisidir. Vaxt yetişdi” deyə haray çəkərək keçmişdə baş verən hadisələri xatırladır.

“Notr-Dam”dan aşağıda yerləşən, sarı-qırmızı rəngli kirəmit damlarla örtülmüş tarixi evlərdən ibarət qədim məhəllələri olan Aşağı şəhər kilsə meydanından ovuc içi kimi görünür. IX əsrə aid kiçik Palyu meydanına enirik. Burada kafe və mağazalar arasında XVI əsrin sonunda “Femida” obrazında yaradılmış “Ədalət ilahəsi” abidəsinin ucaldığı rəngli fəvvarəni görmək olar. Daşdan yonulmuş qadın heykəlinin əllərində tərəzi və polad qılınc var. Deyilənə görə, bu qılınc tez-tez vandallar tərəfindən oğurlanır. Lozanna əhalisinin 40 faizdən çoxunu miqrantlar təşkil edir. Onlar arasında Şərqi Avropadan gələnlərin sayı xüsusilə çoxdur. Şəhərin kriminal fonu bəzi digər turizm şəhərlərindəki, elə Cenevrənin özündəki kimi ciddi olmasa da, hər halda sərvaxt olmaq lazımdır. Axı kontingent müxtəlifdir.

Olimpiadanın dirçəlməsi və Lozannasayağı xanı balığı

Lozanna haqlı olaraq regionun mədəni həyatının mərkəzi sayılır. Burada çoxlu muzey, o cümlədən məşhur Dizayn Muzeyi və “Mudac” Müasir Tətbiqi Sənət Muzeyi yerləşir. O, “Notr-Dam” Kafedral Kilsəsinin düz qarşısında, şəhərin arxitektura rəmzlərindən birində - XVI əsrə aid “Mezon-Qodar” malikanəsində yerləşir. Muzeydə müasir qrafika dizaynerlərinin, modelyerlərin, arxitektor və illüstratorların sərgiləri təşkil olunur.

Maraqlı muzeylərin çoxu, o cümlədən Zoologiya Muzeyi, İncəsənət Muzeyi, Arxeologiya və Tarix Muzeyi, Pul Muzeyi, habelə kitabxana 1906-cı ildə rus əsilli Lozanna sakini Qabriel Ryuminin vəsaiti ilə inşa edilmiş Ryumin sarayında yerləşir. Florensiya renessansı üslubunda olan sarayın fasadını şirlər, mələklər və mifik məxluqlar bəzəyir. 1980-ci ilə qədər binada Lozanna Universiteti yerləşirdi. Sonralar universiteti Lozanna yaxınlığına – Dorinyidə onun üçün məxsusi tikilmiş kampusa köçürdülər.

Lozanna bütün dünyada Olimpiya paytaxtı kimi şöhrət qazandığı üçün burada yerləşən ən məşhur muzey Olimpiya Muzeyidir. Baron Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarını dirçəltmək və bu hərəkatı təbliğ etmək üçün 1894-cü ildə yaradılmış təşkilatın – Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərargahı Lozannada yerləşir. Müxtəlif idman növlərini təmsil edən 20 federasiya da burada yerləşir.

BOK-un keçmiş sədri Xuan Antonio Samarançın təşəbbüsü ilə 1993-cü ildə açılmış Olimpiya Muzeyində 10 min eksponat saxlanılır. Bu, dünyada ən böyük Olimpiya muzeyidir. Bizə verilən məlumata görə, onun kolleksiyasında Azərbaycana aid üç eksponat var: kiçik xalça, bayraq və nişan. Biz bu eksponatları görmədik, çünki ekspozisiya vaxtaşırı dəyişir və əşyaların çoxu ehtiyatda saxlanılır.

Muzeydə maraqlı eksponatlar və interaktiv stendlər çoxdur. Stendlərdə qədim vaxtlardan zəmanəmizə qədər Olimpiya Oyunlarının təkamülünü izləmək olar. Muzeyə bitişik mənzərəli parkda idman mövzusunda çoxsaylı abidələr arasında fransız heykəltəraş Ogüst Rodenin “Amerikalı atlet” əsərini və onun həmvətəni Niki de-Sen-Fallın “Futbolçular” kompozisiyasını görmək olar.

Muzeyin yolu düz Uşi sahili deyilən yerə aparır. Burada Cenevrə gölünün sahilində gəzişmək, oynaşan qu quşlarını və ağ gəmiləri seyr etmək adama ləzzət verir. Bulvar mənzərəli yerlərdə gəzinti ilə bərabər, doyunca yemək imkanları da təklif edir. Biz “du Port” otelinin eyniadlı qəşəng restoranına daxil olduq. Gölün sahilində ideal məkanda yerləşən bu restoran autentik mətbəxi ilə şöhrət qazanıb. Yerli yeməklərdən başı çıxanlar bizə Cenevrə gölündən tutulmuş xanı balığının dadına baxmağı məsləhət gördülər. Elə də etdik. Kərə yağında qızardılmış, limonlu sous əlavə edilmiş xanı balığı kartofdan hazırlanmış qarnir ilə birlikdə çox dadlı idi!

Lozannanın şokolad ustaları

Desert üçün Lozannanın məşhur şokolatyelərinin yanına getdik. İsveçrə dünyada təkcə ən yaxşı saatları və ləziz pendiri ilə deyil, həm də şokoladı ilə şöhrət qazanıb. Şokoladın yeni növünü - bərk şokoladı 1819-cu ildə məhz isveçrəli Fransua-Lui Kaye hazırlayıb. Bir il sonra Cenevrə gölünün sahilində şokolad plitkaları istehsalı üzrə dünyada ilk fabrik açılıb.

Statistikaya görə, hər bir isveçrəli ildə təqribən 12 kiloqram şokolad yeyir. İsveçrə şokoladı digərlərindən nə ilə fərqlənir? Bu suala cavab tapmaq üçün “La Chocolatière” şokolad butikinə yollandıq. Butik 2016-cı ildə Lozannada ən yaxşı şokolad istehsalçısı kimi tanınıb. 1970-ci ildən fəaliyyət göstərən ailə müəssisəsinin çeşidində əllə hazırlanmış təqribən 50 növ şokoladlı konfet var.

Beləliklə, İsveçrə şokoladı adına layiq görülmək üçün klassik şokoladın tərkibi “elit” növ kakao yağından, kakao kütləsindən və təbii vanildən ibarət olmalıdır. Südlü şokolada isə yalnız Alp dağlarından gətirilmiş süd əlavə edilir. İsveçrə şokoladı çox lətif və kreməbənzər struktura, parlaq səthə malikdir. İsveçrəli istehsalçılar öz məhsulunun keyfiyyətinə ciddi nəzarət edirlər və şokolad hazırlama reseptlərini qayğı ilə qoruyurlar.

“Mercedes Assal” butikinin sahiblərinin sözlərinə görə, şokoladın parlaqlığına yüksək səviyyədə nail olmaq asan məsələ deyildir. Konveyer üsulu ilə istehsal zamanı parlaqlıq əldə etmək müşkül məsələdir, çünki şokolad hazırlamaq üçün xüsusi məharət və insan əllərinin istiliyi tələb olunur.

“La Chocolatière” butikində bütün şokoladlı konfetlər əllə hazırlanır. Müxtəlif çeşiddə hazırlamaq üçün marsipan, sukatlar, şəkərli zəncəfil, meyvə, marmelad, şabalıd və s. kimi inqrediyentlərdən ibarət ayrı-ayrı içlikdən istifadə olunur. Şokolatyelər içliyi səylə hazırlayırlar, sonra saatsaz səbri ilə bu konfetləri bir-bir yüksək keyfiyyətli şokolada batırırlar.

Butikdə şokoladlı konfetlərdən başqa, məsələn, müsabiqə üçün qadın heykəli kimi əsl sənət əsərləri yaradılır.

Əlbəttə, əllə hazırlanmış İsveçrə şokoladı ucuz deyildir: onun bir kiloqramı təxminən 100-120 avrodur. Amma bu qiymət yüksək keyfiyyəti dəyərləndirənləri əsla narahat etmir. Hər il İsveçrədə təqribən 180 min ton şokolad hazırlanır, daxili bazarda satılır və ixrac olunur.

İki ildən bir isə Lozannada ən yaxşı şokolatyelərin müsabiqəsi – “Şokolad rallisi” keçirilir. 2016-cı ildə olduğu kimi, bu il də əsas mükafatı materialımızın qəhrəmanı - . “La Chocolatière” butiki qazanıb və o, bu mükafata tamamilə layiqdir. Bu butikdə həqiqətən çox nəfis şokolad hazırlanır.

Emil Eyyubov

Fotolar Fərhad Həşimovun və Lozanna Turizm Ofisinindir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.