REGİONLAR


Möhtəşəmliyi ilə yadda qalan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və son konserti olub VİDEO

Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı ötən bir həftə ərzində ölkəmizdə əsl musiqi bayramına çevrilməklə dünyanın diqqətini Azərbaycana yönəltdi. Ölkəmizin mədəni həyatında ən önəmli hadisələrdən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edirdi.

Festivalı gündəlik işıqlandıran AZƏRTAC-ın müxbirinin Qəbələdə apardığı sorğulardan da məlum oldu ki, bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar artıq indidən növbəti festivalı səbirsizliklə gözlədiklərini dilə gətirirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival onu da təsdiq etdi ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

AZƏRTAC xəbər verir ki, avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək bu festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın dünyada böyük əks-səda doğurduğunu qeyd edib. Millət vəkili onu da bildirib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 10-a yaxın ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Deputat bu festivalın tezliklə Qarabağda, Şuşada keçirilməsini arzulayıb.

Festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. D.Yablonski Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 29-dan avqustun 3-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.

Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşayiət ediblər. Orkestr yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.