İQTİSADİYYAT
Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır
Bakı, 24 avqust, AZƏRTAC
Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Moldovanın Azərbaycandakı səfiri George Leuka “Caspian Energy İnternational Media Group” və “Caspian Energy”nin nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
Görüş zamanı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına, həmçinin Moldova şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək “Caspian Energy Forum”da iştirakına toxunulub.
Moldova ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən danışan səfir qeyd edib ki, hazırkı mərhələdə ən mühüm məsələ ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin bərpa edilməsidir. Belə ki, komissiyanın son iclası 2012-ci ildə keçirilib. Həmin tarixdən xeyli vaxt ötüb. Artıq iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün zəruri olan prosesləri həyata keçirməyin zamanıdır. Protokolun planında təkcə iqtisadi və ticarət deyil, həmçinin humanitar-mədəni, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi kimi digər sahələr, eləcə də diasporlarla əlaqəli məsələlər üzrə əməkdaşlıq öz əksini tapıb.
“Biz sentyabrın sonunadək hökumətlərarası komissiyanın iclasını keçirməyə hazır olduğumuzu bildirmişik. Moldova tərəfdən komissiyanın həmsədri baş nazirin müavini, iqtisadiyyat naziri Oktavian Kalmıkdır, Azərbaycan tərəfindən isə baş nazirin birinci müavini Yaqub Eyyubovdur”, - deyə G.Leuka vurğulayıb.
Moldovanın enerji sektorundan danışan səfir qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində başlanmış yataqların işlənməsi 1984-cü ildə davam etdirilib. “Bizim cəmi üç yatağımız var. Lakin əksər buruqların qazma dərinliyi 1000 metrə qədər olub və onlardan yalnız bir neçəsi 3000 metrə kimi və ya ondan bir qədər artıq olub. Bu gün həmin qazma işlərini və mədənlərin reabilitasiyasını davam etdirmək üçün investisiya tələb olunur. Müəyyən nəhəng karbohidrogen resurs ehtiyatlarının aşkarlanmasının perspektivi geoloji baxımdan üzə çıxarılıb. Hökumət tərəfindən açıq beynəlxalq tender elan edilib və biz həmin tenderdə digərləri ilə yanaşı, dünyanın ən təcrübəli istehsalçılarından və dost ölkə olan Azərbaycanın da iştirakında maraqlıyıq”, - deyə G.Leuka vurğulayıb.