DÜNYA
Moldova Baş naziri vəzifəsinə namizəd olan Valeriu Strelets yeni hökumətin nominal tərkibini təqdim edib
Kişineu, 30 iyul, AZƏRTAC
Moldova Baş naziri vəzifəsinə namizəd olan Valeriu Strelets iyulun 30-da qanunverici orqanın iclasında yeni hökumətin nominal tərkibini təqdim edib.
AZƏRTAC MOLDPRES-ə istinadla xəbər verir ki, yeni kabinetinin tərkibinə köhnə icra orqanının əksər nazirləri daxil edilib. Beləliklə, xarici işlər və Avropaya inteqrasiya naziri vəzifəsini bundan sonra da Natalya German icra edəcək. Maliyyə ilə indiki nazir Anatol Arapu məşğul olacaq. Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyinə İon Sula, Daxili İşlər Nazirliyinə isə Oleq Balan rəhbərlik edəcək. Nazirlər Stefan Bride, Monika Babuk, Pavel Filip və Vasile Bıtka da öz vəzifələrində qalırlar.
Eyni zamanda, Əmək, Sosial Müdafiə və Ailə Məsələləri Nazirliyinə liberal-demokrat Mirça Buqa, Gənclər və İdman Nazirliyinə isə Loretta Xandrabura rəhbərlik edəcək. Səhiyyə Nazirliyinə indiki əmək naziri Ruksanda Qlavan, Ədliyyə Nazirliyinə isə Vladimir Çebotar rəhbərlik edəcək.
Ətraf Mühit Nazirliyinə Valeri Muntyanu, Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyinə deputat Yurie Kirinçuk göndərilib. Maarif Nazirliyinə Korina Fusu, Müdafiə Nazirliyinə Anatol Şalaru başçılıq edəcək.
Gələcək hökumətdə Baş nazirin dörd müavini olacaq – Viktor Osipov, Stefan Bride, Natalya German və George Breqa.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu