DÜNYA
Moldova: Dodon və Sandu prezident seçkilərinin ikinci turuna adlayıblar
Bakı, 31 oktyabr, AZƏRTAC
Moldovada oktyabrın 30-da keçirilən prezident seçkilərinin birinci turunda ölkə başçısını seçmək mümkün olmayıb. Belə ki, namizədlərdən heç biri tələb olunan qədər (50 faiz üstəgəl 1 səs) səs toplaya bilməyiblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu turda ən yüksək nəticəni Sosialist Partiyasının lideri, Rusiya təmayüllü İqor Dodon göstərib. O, seçicilərin 48,26 faizinin səsini toplayıb. İkinci turda Dodonun rəqibi seçicilərin 38,42 faizinin etimadını qazanan “Fəaliyyət və birlik” partiyasının sədri Mayya Sandu olacaq. Sandu ölkənin Avropaya inteqrasiyasının tərəfdarıdır.
Ölkə qanunvericiliyinə görə, prezident seçkilərinin ikinci turu noyabrın 13-də keçirilməlidir.
Xatırladaq ki, Moldovada dövlət başçısı birbaşa səsvermə ilə sonuncu dəfə 1996-cı ildə seçilmişdi. Bundan sonra isə prezident seçkiləri parlament tərəfindən həyata keçirilib. Lakin bu il Moldova Konstitusiya Məhkəməsi belə proseduru qanunsuz hesab etdiyi üçün yenidən birbaşa seçki təyin olunub.