SİYASƏT


Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon iyunun 23-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Moldova Prezidenti İqor Dodona müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.

Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

Ali qonaq "Azərbaycan inciləri" sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Moldova Prezidenti "Mini Azərbaycan" sərgisinə də baxdı. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə etdi.

Dövlət başçısı, həmçinin müxtəlif tədbirlərin keçirildiyi "Auditorium" zalında oldu.

Sonra İqor Dodon Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış oldu. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırdı ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən – XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.