SİYASƏT


Moldova azərbaycanlıları ÜAK-ın ləğvi barədə qərardan narahatdırlar

Bakı, 19 may, AZƏRTAC

Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı ifadə olunur. Bildirilir ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib.

Bəyanatda, həmçinin ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır. “16 ildir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşməsinə öz töhfələrini verib”, - deyə bəyanatda qeyd edilir.

Moldovanın çoxminli Azərbaycan icması Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyini və bununla bağlı narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji tərəfdaşlıq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına ziddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.