DÜNYA
Moldova parlamentinin plenumu hökumətin istefasını müzakirə edir
Kişineu, 27 iyul, AZƏRTAC
AZƏRTAC “Noi.md” portalına istinadla xəbər verir ki, Moldova parlamentinin bugünkü iclasında Pavel Filip hökumətinin fəaliyyətinə münasibətdə etimadsızlıq rəyi müzakirə ediləcək.
Deputatlar Baş naziri dinləyəndən sonra bir qrup sosialistin, kommunistin və liberal-demokratın (cəmi 34 deputat) irəli sürdüyü etimadsızlıq rəyini dəstəkləyib-dəstəkləməmək barədə qərar qəbul edəcəklər.
Təşəbbüs qrupunun fikrincə, indiki hökumət səriştəsizdir, xalq tərəfindən dəstəklənmir, Moldovanın isə ölkə vətəndaşlarının tələbatını təmin edəcək yeni hökumət proqramına ehtiyacı var.
Pavel Filip bütün bu ittihamları rədd edərək vurğulayıb ki, müxalifət partiyaları nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər, bunun üçün yeganə əlçatan vasitə siyasi sabitliyi pozmaqdır.
Qeyd edək ki, hökumətə etimadsızlıq rəyi seçilmiş deputatların dörddəbir hissəsinin təşəbbüsü ola bilər. Etimadsızlıq rəyini təsdiq etmək üçün isə azı 51 səs lazımdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu