SİYASƏT
Moldovada 28 May – Respublika Günü qeyd olunub
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi Respublika Günü münasibətilə Kişineuda rəsmi qəbul təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda Moldova dövləti və hökumətinin rəsmi şəxsləri, parlamentin deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun, ölkə ictimaiyyətinin nümayəndələri, alimlər, incəsənət xadimləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, biznesmenlər, qəzet və jurnal redaktorları iştirak ediblər.
Ştefan Nyaqa adına Kişineu Musiqi Kollecinin “Qloriya” xor kollektivi Azərbaycanın və Moldovanın dövlət himnlərini ifa edib.
Mərasimdə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və Moldova Respublikası Baş nazirinin müavini Viktor Osipov çıxış ediblər.
Qəbul zamanı “Dədə Qorqud” Milli Fondunun sədri Eldar İsmayılov Moldova Respublikasının birinci xanımı Marqareta Timoftinin və səfirin həyat yoldaşı Natəvan Makili-Əliyevanın “Mehriban ana” ordeni ilə, Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriunun “Qızıl ürək” ordeni ilə təltif edilməsi barədə fondun Ağsaqqallar Şurasının qərarını elan edib. Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov fondun diplomu ilə təltif olunub.
Moldova incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirilib. Qonaqlara Azərbaycan haqqında film göstərilib. Onlar milli mətbəximizin yeməklərinin, Azərbaycan şirniyyatı şəkərburanın və paxlavanın dadına baxıblar.
Tədbirdə Azərbaycan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ədəbiyyat və çap nəşrlərinin sərgisi təşkil olunub. Heydər Əliyev Fondunun nəşrləri ekspozisiyada xüsusi yer tutub.