İDMAN
Moldovada “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı olub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 29-da Kişineudakı Respublika Sarayında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Təqdimatda Moldovanın sabiq prezidenti Mirça Snequr, Moldova Respublikası Prezidenti Aparatının baş katibi İon Paduraru, Moldova Respublikası parlamenti sədrinin müavini Liliana Palixoviç, Moldova Respublikasının mədəniyyət naziri Monika Babuk, deputatlar, Moldova Mİlli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski, səfirlər və bu ölkədə akkreditə olunmuş digər diplomatlar, tanınmış idmançılar, ictimai xadimlər, biznesmenlər, habelə KİV nümayəndələri iştirak ediblər.
“Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev çıxış edib.
Səfir çıxışında tədbirin təşkilinə görə Moldova Milli Olimpiya Komitəsinə təşəkkür edərək, idman tarixində ilk Avropa Oyunlarının əhəmiyyətindən, Azərbaycanın bu oyunlara hazırlığından söz açıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin gördüyü böyük iş xüsusi vurğulanıb.
Bildirilib ki, bu irimiqyaslı tədbirə qısa müddətdə hazırlaşmaq son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabit və dinamik inkişafı, ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olub.