MƏDƏNİYYƏT


Moldovada “Gəncə 2016-cı il Avropa gənclər paytaxtıdır” layihəsinin təqdimatı olub

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Moldova Respublikasının paytaxtı Kişineuda ənənəvi XV Etnomədəni Festival keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “Fərqlilikdən birliyə” şüarı altında keçirilmiş bu festivalın əsas məqsədi Moldovada yaşayan müxtəlif xalqların mədəniyyəti, tarixi haqqında məlumatlar verilməsi, mədəniyyətlərarası dialoqun və dostluğun möhkəmləndirilməsidir.

Festival Moldovanın Milli Qəhrəmanı Ştefan çel Marenin abidəsi önünə ölkə rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri tərəfindən əklillərin qoyulması ilə başlanıb.

Sonra yüksək səviyyəli qonaqlar Moldovanın mərkəzi parkında təşkil olunmuş 40-a yaxın milli sərgini ziyarət ediblər.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkil etdiyi “Azərbaycan evi” qonaqların böyük marağına səbəb olub. Gün ərzində Azərbaycan guşəsini Moldova parlamentinin sədr müavini Vladimir Vityuk, Baş nazirin müavini Oktavian Kalmık, Kişineu şəhərinin meri Dorian Kirtoake, Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Marian Lupu, Avropa Xalq Partiyasının sədri, prezidentliyə namizəd Yurie Lyanke, Sosialistlər Partiyasının sədri, prezidentliyə namizəd İqor Dodon, digər rəsmi şəxslər, diplomatik missiyaların, ictimaiyyətin nümayəndələri ziyarət edib, xalqımızın tarixi, mədəniyyəti, müasir nailiyyətləri haqqında geniş məlumat alıblar. Onlar xalqımızın musiqisi və rəqsləri ilə də tanış olublar.

Festival çərçivəsində Azərbaycanın Moldovadakı səfirliyi, MAK və Moldovada təhsil alan Azərbaycan Tələbələri Cəmiyyətinin fəalları ilə birgə “Gəncə 2016-cı il Avropa gənclər paytaxtıdır” layihəsinə uyğun olaraq sərgi keçirib, bütün qonaqlara bu qədim Azərbaycan şəhərinə həsr edilən bukletlər, məlumat materialları, döş nişanları və digər materiallar təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.