SİYASƏT
Moldovanın nüfuzlu “Ekspert Novostey” qəzetində azərbaycanlılara qarşı soyqırımı haqqında material dərc edilib
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Kişineuda Moldovanın nüfuzlu “Ekspert Novostey” qəzetində moldovalı alim, tarix elmləri doktoru Ruslan Şevçenkonun 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımına həsr olunmuş “97 il bundan əvvəl 30 mindən çox azərbaycanlı qətlə yetirilib” sərlövhəli geniş məqaləsi dərc edilib.
Tarixi materiallar əsasında yazılmış məqalədə erməni terrorçular və onların himayədarları tərəfindən Azərbaycan xalqına qarşı 97 il bundan əvvəl törədilmiş dəhşətli soyqırımı aktlarından bəhs edilir.
Cəzasız cinayət yoxdur və ola da bilməz. XX əsrdə soyqırımının və etnik təmizləmələrin tarixini əks etdirən qanlı səhifələr çox olub. 1918-ci ilin mart ayında Azərbaycan xalqının başına gətirilmiş faciə ən dəhşətli cinayətlərdən biridir. Bu fikir moldovalı tarixçinin məqaləsinin əsas leytmotividir.